Nəsimi rayon gəncləri Dövlət Bayrağı Meydanında olublar
Azərbaycanda hər il noyabrın 9-da qeyd edilən Dövlət Bayrağı Günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı gənclər birliyinin bir qrup üzvü Dövlət Bayrağı Meydanında olub. Qonaqlara Dövlət Bayrağı Meydanı haqqında ətraflı məlumat verilib.
Gənclər Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Dövlət Bayrağı Muzeyi və orada nümayiş etdirilən nadir eksponatlarla da tanış olublar. Məlumat verilib ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa edilmiş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, qoşun növlərinin döyüş bayraqları və mərasim geyim formaları nümayiş olunur. Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur.