Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda vetranların yubileyi qeyd edildi

05 noyabr 2014 | 16:00

Böyük Vətən müharibəsinin veteranları bizim qızıl fondumuzdur.  

Bu fikir noyabrın 5-də Nəsimi Rayon İcra Hakimiyyətində Böyük Vətən müharibəsinin iştirakçıları - Nəsimi Rayon Veteranlar Şurasının sədri Sübhi Qazıyevin, həmçinin Məmməd İmanovun, Əhəd İbrahimovun, İsmayıl Fərəcovun 90 illik yubileylərinə həsr olunan tədbirdə səsləndirilib.

 Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə əvvəlcə Böyük Vətən və Qarabağ müharibələrində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Böyük Vətən müharibəsində xüsusi xidmətlər göstərən, respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edən veteranlarımızın yubiley mərasimlərinin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib. O, dinamik inkişaf edən ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik, dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsində veteranların mühüm rol oynadıqlarını, onların dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduqlarını, yüksək fəxri adlara layiq görüldüklərini söyləyib.

Respublika Veteranlar Təşkilatının sədri, general-mayor Dadaş Rzayev veteranların həyat və şərəfli döyüş yolu haqqında iştirakçılara məlumat verib. Bildirib ki, Böyük Vətən müharibəsinin veteranları bizim qızıl fondumuzdur. Veteranlarımızın xidmətləri Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilir. Onlar Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunub. Bu qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Veteranlar ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin respublikamızda veteran hərəkatının gücləndirilməsinə diqqət yetirdiyini bildirən D.Rzayev Böyük Vətən müharibəsi iştirakçılarının yubiley mərasimlərinin davamlı keçiriləcəyini vurğulayıb.

Digər natiqlər də yubileyləri münasibətilə veteranlarımızı təbrik edib, onlara göstərilən dövlət qayğısından danışıblar.

Sonra yubilyarlara fəxri fərmanlar və qiymətli hədiyyələr  təqdim edilib, Sübhi Qaziyevin həyatı ilə bağlı videoçarx nümayiş olunub.

Sonda yubiley yaşı tamam olan veteranlarla xatirə şəkli çəkilib.

Keçidlər