"Ölkəmizi tanıyaq" adlı tur aksiyanın ikinci mərhələsi başlandı
14.11.2014-cü il tarixdə “Ölkəmizi tanıyaq” lahiyəsi çərçivəsində tur aksiyanın ikinci mərhələsi üzrə Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 40 nümunəvi şagird Quba, Qusar və Xaçmaz rayonlarına yola salınmışdır. Yolasalma mərasimində rayon İcra Hakimiyyətinin məsul əməkdaşları , Sahə İnzibati Ərazi nümayəndələri, pedaqoji ictimaiyyətin nümayəndələri, valideynlər və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdür müavini Məmmədəli Kəsəmənli iştirak etdi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin adını daşıyan Sarayın qarşısındakı abidəsini ziyarət etdilər. Məktəblilərin yolasalma mərasimində rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva dövlət başçısının tapşırığı əsasında reallaşan bu lahiyənin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bütün bunlar gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyədə olunmasına, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.
Şagirdlər hər üç rayonun mədəniyyət ocaqları, tarixi abidələri və muzeyləri barədə ətraflı məlumatlandırılacaqlar. Eyni zamanda region gəncləri arasında milli adət-ənənələrimizin öyrənilməsi və təbliği barədə fikir mübadiləsi aparılacaq.
Sonra şagirdlərdən Fəridə Vəliyeva, Zeynəb Mirkərimova və digərləri çıxışlarında göstərilən bu qayğıya görə dövlət başçısına aksiya iştirakçıları adından dərin təşəkkürlərini bildirdilər.
Sonra maarifləndirici tur aksiyanın iştirakçıları avtobusla yola düşdülər. Onların səfəri 3 gün davam edəcək.