Nəsimi rayonunda seçicilərlə görüş keçirildi
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının Seçki Qərargahının səlahiyyətli nümayəndəsi Azər Süleymanov bildirdi ki, ölkəmizin ictimai-siyasi həyatında rol oynayacaq bələdiyyələrə seçkilərin birinci mərhələsi olan imzatoplama kampaniyası uğurla başa çatıb: "Artıq dekabrın 1-də respublikamızda keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat prosesinə start verilib. Dördüncü dəfə Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərilə bağlı xalqımız kifayət qədər seçki təcrübəsinə malikdir. Bugünkü tədbirdə YAP Nəsimi rayon təşkilatı tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrlə seçicilərin ilk görüşü keçirilir."
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatı tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş Nazim Qaraxanov özü haqqında geniş məlumat verdikdən sonra bildirdi ki, tədbirdə cəmiyyətimizin bütün sosial sferalarının təmsilçiləri iştirak edir. Namizədliyini irəli sürməkdə məqsədini açıqlayan N.Qaraxanov məqsədinin yalnız xalqa xidmət olduğunu bildirdi. Yüksək mentalitetinə görə zirvədə duran azərbaycan xalqı hər şeyə layiqdir. Daha sonra o, özü haqqında qısa məlumatı seçicilərin nəzərinə çatdırdı. O, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin cavan bir qurum olmasına baxmayaraq, kifayət qədər təcrübəyə malik olduğunu da qeyd etdi.
Bələdiyyə üzvlüyünə namizəd Vüsalə Niftəliyeva seçicilərlə görüşündə özü haqqında qısa məlumat verməklə yanaşı, bələdiyyələrin ictimai həyatda roluna da nəzər saldı. "Əgər seçilərəmsə, xalqımızın rifahı naminə əlimdən gələni əsirgəməyəcəyəm"-deyən V.Niftəliyeva hər zaman gənclərlə yaxın təmasda olduğundan bu ərazidə yaşayan gənclərin iş prinsipləri ilə yaxından maraqlanacağını, köməklik göstərəcəyini vurğuladı.