Seçicilərlə görüşlər davam etdirilir.
Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Seçki Qərargahı partiya tərəfindən bələdiyyə seçkilərinə namizədliyi irəli sürülmüş şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində sənaye işçiləri ilə görüş keçirib. Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatı Seçki Qərargahının səlahiyyətli nümayəndəsi Azər Süleymanov bildirib ki, bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində namizədlikləri irəli sürülmüş nümayəndələrlə seçicilərin görüşü davam etməkdədir.
Respublikada dördüncü dəfə bələdiyyə seçkilərinin keçiriləcəyini qeyd edən A.Süleymanov xalqımızın bu sahədə kifayət qədər seçki təcrübəsinin olduğunu vurğulayıb, partiyanın tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu seçkilərdə gənclərin və qadınların namizədliyinin artırılması məsələsinə xüsusi diqqət yetirildiyini, eyni zamanda partiyanın seçkilərə hazırlığının çox yüksək səviyyədə olduğunu söyləyib. O, görülən işlərin yekunda müsbət nəticələnəcəyinə əminliyini bildirib. Rayon ictimaiyyətinin daim dövlətimizin taleyüklü məsələlərində həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırıb. O, YAP-ın bu seçkilərə "Rifah və quruculuq naminə" şüarı getdiyini qeyd edərək, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə, xalqımızın layiqli namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən bələdiyyələrə namizadliyi irəli sürülən Nazim Qaraxanov yerli özünüidarə sisteminin yaradılmasının respublikamızda həyata keçirilən demokratik, siyasi digər islahatlarla paralel olaraq başlanıldığını qeyd edib. Bildirib ki, bələdiyyələr vətəndaş cəmiyyətini formalaşdıran bir mexanizm kimi yerli demokratiyanın inkişafına təkan verir. Ötən dövr ərzində bələdiyyələrin fəaliyyətinə nəzər salan namizəd, bu dövr ərzində ölkəmizin sosial-iqtisadi inkişaf prosesində yaxından iştirak etdiyini, quruculuq-abadlıq sahələrinin müxtəlif istiqamətlərində işlər gördüyünü bildirib.
Bəldiyyələrin fəaliyyəti zamanı bələdiyyələrlə əhali arasında daha sıx qarşılıqlı münasibətlərin qurulması vacibliyini diqqətə çəkən N.Qaraxanov tərcümeyi-halı və seçki platforması ətrafında seçicilərə məlumat verib. O, seçiləcəyi təqdirdə seçicilərin etmadını doğruldacağanı vurğulayıb, seçiciləri onların problemlərini həll edə biləcək namizədlərə səs verməyə çağırıb.
YAP Nəsimi rayon təşkilatı tərəfindən bələdiyyələrə namizadlikləri irəli sürülmüş Rahib Hacıyev və Nərmin Qədirova seçki platformaları ətrafında seçicilərə məlumat verərək, bələdiyyə üzvləri seçiləcəkləri təqdirdə, seçicilərin problemləri ilə yaxından tanış olacaq və bələdiyyələrin səlahiyyətləri çərçivəsində onları narahat edən məsələlərini həllinə nail olacaqlarını bildiriblər.
Görüş seçiciləri maraqlandıran suallar ətrafında davam etdirilib.