Nəsimi rayonunda Ümummilli liderin anım mərasimi keçirildi
Nəsimi rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti inzibati binasının akt zalında təşkil olunmuş tədbirdən əvvəl iştirakçılar Ulu öndərin rayon icra hakimiyyətinin binasındakı abidəsi önünə gül dəstələri düzdülər.
Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirdə məruzə ilə çıxış etdi. O bildirdi ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin vəfatının on birinci idönümü xalqımız tərəfindən dərin kədər hissi ilə Vətənimizin hər bir guşəsində qeyd olunur.
Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımız tam əsasla böyük vətənpərvər, fenomenal şəxsiyyət və müdrik siyasətçi Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin banisi və memarı hesab edir. Azərbaycan xalqı və dövləti var olduqca ulu öndərimiz Heydər Əliyevin ideyaları yaşayacaq və gələcək uğurlarımızın rəhni olacaqdır.
Əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına istiqamətlənmiş siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bizi yeni qələbələrə aparır.
Sonra millət vəkili Ziyad Səmədzadə və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ulu öndərimizin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, ölkəmizdə bütün sahələrdə əldə edilən böyük inkişaf ümummilli lider Heydər Əliyevin titanik fəaliyyətinin və onun müəyyənləşdirdiyi siyasi kursun nəticəsi olduğu qeyd edildi. Ulu öndərimizin zəngin irsinin gənclərimiz tərəfindən öyrənildiyi, onun fəaliyyət və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğunu vurğulandı. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi vardır.
Sonda Nəsib Məhəməliyev çıxış edərək tədbirə yekun vurdu.