“Sizinlə qürur duyuruq Ali Baş Komandanımız” mövzusunda tədbir
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı dekabrın 20-də “Sizinlə qürur duyuruq Ali Baş Komandanımız” mövzusunda tədbir keçirib.
Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyətinə həsr edilən tədbirdə 2003-cü ildən bu günədək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərlə bağlı film də nümayiş olunub.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək bildirib ki, gənclərin milli və vətənpərvərlik ruhda tərbiyə olunmasında əhəmiyyət kəsb edən film ötən dövrdə müstəqil dövlətimizin əsas atributlarından biri olan güclü ordunun qurulmasını, ümumiyyətlə Silahlı Qüvvələrin inkişafı istiqamətində, eləcə də müdafiə sənayesi sahəsində əldə olunan nailiyyətləri əks etdirir.
M.İbrahimqızı qeyd edib ki, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan istənilən şəraitdə özünün ərazi bütövlüyünü bərpa edəcək və təcavüzkar qüvvələr işğal olunmuş torpaqlarımızdan çıxarılacaq. Məhz bu cür qətiyyətli və prinsipial mövqeyin fonunda Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli naminə bütün resurslarından səmərəli istifadə etməkdə və fəal diplomatiya həyata keçirməkdədir.
YAP Nəsimi rayon təşkilatının sədri dövlətimizin başçısının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərindən, bu məsələdə işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyindən danışıb. O bildirib ki, Prezidentin də vurğuladığı kimi, sülh danışıqları nəticə verməsə, Azərbaycan öz ərazilərini digər vasitələrlə işğaldan azad etmək gücündədir.
Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək dövlətimizin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə hərbi sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan ordusunun maddi-texniki bazası getdikcə daha da gücləndirilir, döyüş hazırlığının səviyyəsi yüksəldilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksəldilməsi, müasir silahlarla təchiz edilməsi prosesini daim diqqətdə saxlayır, ölkədə milli müdafiə sənayesi kompleksi yaradılıb. Bu gün Azərbaycanın çox güclü, qüdrətli, ən müasir silahlarla təmin olunan ordusu var. Bu ordu işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hər an hazırdır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəmməliyev bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin Orduya diqqət və qayğısı gənclərdə vətənpərvərlik hissinin daha da artmasına stimul verir. Bu gün həyata keçirilən məqsədyönlü gənclər siyasətinin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Sevindirici haldır ki, gənclərimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır.
Sonda Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, Əməkdar İncəsənət xadimi, polkovnik Abdulla Qurbaninin başçılığı ilə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında proqram təqdim olunub.