Nəsimi rayonunda 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsinin hesabat yığıncağı
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildə fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilmişdir.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, 2014-cü il sosial-iqtisadi vəzifələrin icrası, dövlətimizin beynəlxalq nüfuzunun artması baxımından uğurlu il olmuş, ölkəmizdə bütün sahələrdə dinamik inkişaf davam etmişdir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.
Ölkəmizdə digər sahələrdə olduğu kimi idarəetmədə də islahatlar həyata keçirilir, yeni strukturlar yaradılır. İdarəetmənin operativliyinin və səmərəliliyinin artırılması baxımından 2012-ci ilin sonundan təşəkkül tapan sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri də işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırlar.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teyyub Vəliyevin məruzəsi dinlənildi. Bildiridi ki, 2 nömrəli nümayəndəlik 86 mindən artıq əhalinin yaşadığı 4,77 kvadratkilometr ərazini əhatə edir. İl ərzində nümayəndəlik əraziyə xidmət göstərən 13,14,16,52 və 59 saylı mənzil-kommunal istismar sahələrinin fəaliyyətlərinin koordinasiya istiqamətində iş görmüşdür. Ərazinin sanitar vəziyyəti daim nəzarətdə saxlanılmış, qanunsuz tikintilərin qarşısının alınması yönündə tədbirlər görülmüş və nəticələr barədə rayon icra hakimiyyətinə məlumatlar verilmişdir. Əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı maarifləndirmə və təşkilati işlər aparılmış və iki ay ərzində 39 mindən çox sakinin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.
İl ərzində ərazidə genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri həyata keçirilmişdir. Azadlıq prospektində 18 ünvanda binaların fasadları təmir edilmiş, M.Rəfili küçəsində 5 ünvanda binalarda fasdlar təmir edilərək rənglənmiş, müxtəlif ünvanlarda səkilərə 1215 kvadratmetr tamet plitə döşənmiş, küçə və binaların həyətlərinə 9220 kvadratmetr asfalt örtüyü vurulmuşdur. Bir sıra küçələrdə işıq dirəkləri quraşdırılmış və yeni kanalizasiya xətləri çəkilmişdir.
Hesabat ilində Tbilisi prospektində Ə.Salamzadə küçəsindən H.Ələsgərov küçəsinə qədər qazon örtüyü salınmış, burada ağac və gül kolları əkilmişdir. Azadlıq prospekti 95a ünvanında 230 kvadratmetr qazon örtüyü salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Vaqif prospekti ilə C.Hacıbəyli kücəsinin kəsişməsindəki parkda 1250 kvadratmetr qazon örtüyü yenilənmiş, 15 ədəd Eldar şamı əkilmişdir. A.Səhhət küçəsində yeni park və yaşıllıq zolağı salınmışdır. Hazırda Vaqif prospekti ilə X.Şuşinski küçələrinin kəsişməsində yerləşən parkda əsaslı təmir və yenidənqurma işləri aparılır.
İl ərzində ərazidə, ümumilikdə 2300 kvadratmetr dam örtüyü təmir edilmiş, 226 paqonometr su, 470 paqonometr istilik xətti dəyişdirilmiş, 2160 paqonometr ventilyasiya və tüstü bacaları təmizlənmiş, 120 kvadratmetr keçid meydançası, 45 giriş qapısı təmir olunmuş, 4 lift dəyişdirilmişdir. Nümayəndəlik tərəfindən vətəndaşlardan daxil olmuş müraciət, şikayət və təkliflərin obyektiv araşdırılması və qanunvericilklə müəyyən edilmiş müddətdə icrası təmin olunmuşdur. 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik rayonda keçirilmiş ictimai, mədəni-kütləvi tədbirlərin, təntənəli mərasimlərin təşkil olunmasında fəal iştirak etmiş, qarşıya qoyulan vəzifələrin icrasını təmin etmişdir.
42 saylı tam orta məktəbin müəllimi Gülçin Hüseynova, 14 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Qədir Abbasov və sakin, professor İmamverdi Həmidovun çıxışları dinlənildi.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yığıncaqda yekun çıxışı etdi.