Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu: dinamik inkişaf davam edir

19 fevral 2015 | 16:00

Ötən son on bir ili ölkənin inkişafının keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirmək olar. Bu dövrdə dövlətimiz özünü təsdiq etməklə beynəlxalq aləmdə öz mövqeyini gücləndirib. Artıq Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində də əhəmiyyətli rol oynayır. Azərbaycanın müasir güclü dövlət kimi özünü bölgədə təsdiqləməsi, bu mövqenin daim möhkəmlənməsi, siyasi və iqtisadi islahatların mütəmadi operativ aparılması, müvafiq layihələrin davamlı surətdə icrası və əldə olunan nailiyyətlər qarşıya qoyulan məqsədlərə nail olunmasına əminlik yaradır. Bu gün sosial-iqtisadi inkişafın Azərbaycan modeli beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilir və bəyənilir.

Yola saldığımız 2014-cü ildə Bakının mərkəzində yerləşən, füsunkarlığı ilə diqqəti cəlb edən Nəsimi rayonunda davamlı iqtisadi inkişaf, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəldilməsi sahəsində müsbət dəyişikliklər baş vermişdir. Bir sözlə, rayon öz daxili imkanları hesabına davamlı innovativ inkişaf edən iqtisadiyyata malik olan bir məkana çevrilmişdir. Nəsimi rayon icra hakimiyyətinin məqsədyönlü fəaliyyəti nəticəsində ötən il rayonda 3131 yeni iş yeri açılmışdır ki, bunlardan 672-si yeni yaradılan, 397-si mövcud müəssisə və təşkilatlar, 2-si fəaliyyətini bərpa etmiş müəssisə-təşkilatlar, 2062-si isə fiziki şəxslər üzrə olmuşdur. Həmçinin ümumi məhsul buraxılışının həcmi 1 milyard 721 milyon 546,5 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 5 % artım deməkdir.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşu 2013-cü ilə nisbətən 52,5 % artaraq 785 milyon 784,7 min manat olmuşdur.
Qeyd etmək lazımdır ki, istehsal olunan sənaye məhsulunun həcmi 6,9 % artaraq 400 milyon 666,3 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 679 milyon 374,2 min manat olmuşdur.
Nəqliyyat müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 % artaraq 468 milyon 506 min manat, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin həcmi isə 9,4 % artaraq 60 milyon 263 min manat olmuşdur.
Pərakəndə əmtəə dövriyyəsinin həcmi 667 milyon 71,1 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 560 milyon 580 min manat, rayon üzrə bir nəfərə düşən əmtəə dövriyyəsinin həcmi isə 3074,1 manat təşkil etmişdir.
2014-cü ildə rayonda orta aylıq əmək’haqqı ötən illə müqayisədə 8,1 % artaraq 497,1 manat olmuşdur.
Ötən il Nəsimi rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 3422 nəfərdən 783 nəfərinin daimi işlə təmin olunmasına köməklik göstərilmiş, 129 nəfər işaxtaran vətəndaşa işsizlik statusu verilərək onlardan 107 nəfərə orta aylıq əmək haqqı, 22 nəfərə isə minimum əmək haqqı məbləğində müavinət təyin edilmişdir.
2014-cü ildə istehlakçıları fasiləsiz və etibarlı enerji ilə təmin etmək məqsədilə Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 10 transformator məntəqəsində güc transformatoru daha güclüsü ilə əvəz olunmuş, 30 min 773 metr müxtəlif markalı kabel xətləri dəyişdirilmiş, 3350 metr 2 dövrəli hava xətti kabel xətti ilə əvəz olunmuşdur.
Sərf olunan enerji haqlarının yığımı 2014-cü ildə 36,28 milyon manat olmuşdur ki, bu da 2013-cü illə müqayisədə 3,19 milyon manat və ya 0,9 % artım deməkdir.
Ötən il rayonun qaz təchizatının yaxşılaşdırılması üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif diametrli 3319 metr qaz kəməri çəkilmiş, il ərzində 4138 ədəd mexaniki qaz sayğacı “Smart-kart” tipli sayğac ilə əvəz olunaraq istismara verilmişdir. İstehlakçılara ümumi olaraq 10 milyon 88 min 458 manat dəyərində təbii qaz satılmış, ümumi satışın 96,9%-i ödənilmişdir.
2014-cü ildə Nəsimi rayon Sukanal Departamenti tərəfindən rayon ərazisində istismar müddəti başa çatmış 6900 p.m magistral su kəmərləri çəkilmiş, müxtəlif diametrə malik 1100 p.m kanalizasiya şəbəkəsi, istismara yararsız 30 ədəd quyu təmir edilmiş, 15 ədəd yeni yağış barmaqlıq quraşdırılmışdır.
İl ərzində 5169 ədəd yeni su sayğacı quraşdırılmış, abonentlərin su sayğacı ilə təmin edilməsi ümumilikdə 71,6 %-ə çatdırılmışdır.
Abonentlər üzrə ümumi ödənişin miqdarı 10 milyon 9 min 920 manat olmuşdur ki, bu da ümumi satışın 91,1 %-ni təşkil edir.
Ötən il “Azəristiliktəchizat” ASC 1 saylı İstilik Sistemlərinin İstismarı Sahəsi tərəfindən 212 yaşayış binası, 17 ümumtəhsil tam orta məktəb, 12 körpələr evi-uşaq bağçası, 6 səhiyyə obyekti istilik enerjisi ilə təmin olunmuşdur.
2014-cü ildə Nəsimi rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri aparılmış, ekoloji tarazlığın qorunması diqqət mərkəzində olmuşdur.
Belə ki, Tbilisi, Moskva, Vaqif və Azadlıq prospektlərində H.Ələsgərov, 20 Yanvar, S.Əsgərova, Cavadxan, H.Seyidzadə küçələrində, rayonun mikrorayon ərazisindəki məhəllələrdə, mövcud park və bağlarda ümumilikdə 10.000-dən artıq ağac və gül kolları əkilmiş, il ərzində Vaqif prospekti ilə C.Hacıbəyli küçəsinin, Bakıxanov və S.Vurğun küçələrinin, S.Vurğun və Ak. Həsən Əliyev küçələrinin kəsişməsində yerləşən parklarda, Koroğlu, T.Şevçenko və S.Qazıyeva adma parklarda mütəmadi olaraq iməciliklər keçirilmiş, təmizlik və abadlıq işləri aparılaraq 25.000 kv.m dən artıq yeni yaşıllıq zolaqları salınmışdır.
“İDEA” İctimai Birliyinin təşəbbüsü ilə 2014-cü ilin oktyabr-noyabr aylarında “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun ayrı-ayrı ərazilərində 2500-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar əkilmiş və belə tədbirlərin 2015-ci ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
03 fevral 2014-cü ildə 28 may küçəşində Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən bir dünya şöhrətli bəstəkar Qara Qarayevin abidəsinin açılışı olmuş, abidənin ətrafında geniş abadlıq işləri aparılmışdır. Abidənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
Paytaxtın yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması, tıxacların aradan qaldırılması ilə bağlı görülən işlər çərçivəsində 01 sentyabr 2014-cü il tarixdə Z.Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və H.B.Əliyev küçələrinin kəsişməsində inşa olunan müxtəlif səviyyəli yol qovşağının açılışı olmuşdur.
2014-cü ildə rayonda aparılan təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olmaq, başa çatdırılmış tikintilərin açılış mərasimlərində iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 dəfə rayonda olmuşdur.
Rayonun 2-ci mikrorayonunda yerləşən “Heydər Parkı”nda, Cavadxan küçəsindəki parkda və ətraf ərazidə abadlıq və yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilmiş, həmin parklarda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. A.Səhhət küçəsində salınan yeni parkın tikintisi başa çatdırılmış, hazırda A.Məhərrəmov 47 ünvanın qarşısında yerləşən parkda abadlıq işləri aparılır. Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən parkın şimal hissəsi sökülərək (M.Əcəmi metrosunun qarşısı) yenidən abadlaşdırılır, M.Cəlal küçəsi 2, 4, 16 saylı binaların qarşısındakı ərazidə əsaslı yenidənqurma işləri aparılaraq, müasir tələblərə cavab verən parkın salınmasına başlanılmışdır. Vaqif prospekti və X.Şuşinski küçəsini kəsişməsində yerləşən parkda əsaslı təmir və yenidənqurma işləri aparılır, yeni işıq dirəklərinin, oturacaqların quraşdırılması, yarasız vəziyyətdə olan hovuzun təmir edilməsi nəzərdə tutulmuşdur. Hazırda parkda işlər davam etdirilir.
Rayonun ayrı-ayrı ünvanlarında ötən il ümumilikdə 60.000 kv.m-dən artıq asfalt, 20.000 kv.m-dən artıq tamet plitə vurulmuş, 5000 p.m bordür dəyişdirilmişdir.
2014-cü ildə rayonda 27 tam orta məktəb, 2 xüsusi məktəb, H.Əliyev adına Müasir Təhsil Kompleksi, Atatürk liseyi və 6 məktəbdənkənar tərbiyə müəssisəsi, 47 körpələr evi-uşaq bağçası fəaliyyət göstərmişdir.
Ötən tədris ilində ümumtəhsil məktəblərini 1755 şagird bitirmiş, onlardan 1214 nəfəri ali məktəblərə daxil olmuşdur. Abituriyentlərdən 31-i 600-dən, 12-si isə 650-dən yuxarı bal toplamış, 2 nəfəri isə Prezident təqaüdünə layiq görülmüşdür. 650-dən yuxarı bal toplamış 12 nəfər abituriyent Rayon İcra Hakimiyyətində qəbul edilmiş və onlara qiymətli hədiyyələr verilmişdir.
2013-2014-cü tədris ilinin nəticələrinə görə Azərbaycan Respublikası Prezidentinin “İlin ən yaxşı ümumtəhsil məktəbi” və “İlin ən yaxşı müəllimi” mükafatlarının təsis edilməsi haqqında sərəncamı ilə rayonun Texniki Humanitar Liseyi “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, rayon müəllimlərindən 3 nəfər “İlin ən yaxşı müəllimi” nominasiyası üzrə müsabiqənin qalibi olmuşdur.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq 2014-cü ildə rayonun 46, 54 saylı tam orta məktəblərində və Bakı Slavyan Universitetinin nəzdində Məktəb-Lisey Kompleksində əsaslı təmir işləri başa çatdırılmış və cənab Prezident İlham Əliyev hər üç məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olmuşdur. 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin, 22, 135 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri və H.B.Əliyev küçəsi 46, 52 saylı binaların arasında yerləşən mini idman meydançasının inşası başa çatdırılmışdır.
Hazırda 147 və 174 saylı körpələr evi-uşaq bağçalarında isə əsaslı təmir işlər yekunlaşmaq üzrədir.
Rayon İcra Hakimiyyəti tərəfindən 23 saylı tam orta məktəb sökülərək yerində müasir tələblərə cavab verən məktəb binasında aparılan tikinti işləri başa çatdırılmış, açılış mərasimində cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişdir. Hazırda Heydər Əliyev adına İdman Konsert Kompleksində əsaslı təmir işləri və 1 saylı tam orta məktəbdə 10 əlavə sinif otağının və idman zalının tikintisi davam etdirilir.
Rayonda körpələr evi-uşaq bağçalarına olan ehtiyacın azaldılması məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2 yeni körpələr evi-uşaq bağçasının tikintisi üçün müvafiq yerlər ayrılmış, hazırda isə tikintisinə başlanılmışdır.
2014-cü ildə Nəsimi rayonunda 11 xəstəxana, o cümlədən 2 Elmi-Tədqiqat İnstitutu, 9 poliklinika, 2 qadın məsləhətxanası, Təcili və Təxirəsalınmaz Tibb Yardım Stansiyası, 1 körpələr evi və 32 özəl səhiyyə müəssisəsi fəaliyyət göstərmişdir. 1 saylı Körpələr Evində əsaslı təmir işləri davam etdirilir.
2014-cü ildə Dövlət Sosial Müdafiə Fondu Nəsimi rayon şöbəsində 23800 nəfər pensiyaçı və müavinət alan vətəndaşlara xidmət göstərilmişdir ki, bunlardan 16703 nəfəri yaşa görə, 5278 nəfəri əlilliyə görə, 1819 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alan pensiyaçılardır.
30 səyyar qəbul keçirilmiş, qəbullarda 192 nəfər vətəndaşın problemləri ilə yerində tanış olunmuş və onların müsbət həll edilməsi üçün operativ tədbirlər görülmüşdür.
Ötən il Azərbaycan Respublikası Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsi barədə göstərişinin icrası ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 11.02.2014-cü il tarixli, 25 nömrəli sərəncamı imzalanmış və xüsusi komissiya yaradılmışdır. Komissiya 17 fevral - 30 aprel 2014-cü il tarixi ərzində 120.000-ə yaxın əhalinin tibbi müayinədən keçirilməsini təmin etmiş, proses kütləvi informasiya vasitələri ilə işıqlandırılmışdır.
Nəsimi Rayon İcra Hakimiyyəti Təhsil Nazirliyi ilə birlikdə 11-ci sinif şagirdlərinə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslərin keçirilməsini təmin etmiş, fərqlənən müəllim və şagirdlər mükafatlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Mədəniyyət və Turizm Nazirliyi ilə birgə rayon məktəblərinin 9-11-ci sinif şagirdləri üçün Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, müstəqillik illərində sürətli sosial-iqtisadi inkişafının əyani şəkildə öyrənilməsi məqsədi ilə “Ölkəmizi tanıyaq” şüarı altında 80 nəfər şagirdin Xaçmaz, Quba və Qusar rayonlarına ekskursiyaları təşkil edilmiş və belə tur aksiyaların 2015-ci ildə də həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Ötən il respublikamızda keçirilmiş Bələdiyyə seçkilərində Nəsimi rayon ictimaiyyəti də fəallıq nümayiş etdirmişdir.
Nəsimi rayonunda Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları uğurla icra olunur. Əminliklə qeyd etmək olar ki, 2015-ci ildə rayonda bütün sahələrdə uğurla nəticələrə imza atılacaq, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak edən qonaqlar burada mühüm yeniliklərin, abadlıq-quruculuq işlərinin şahidi olacaqlar.
Qədir ASLAN,
“Respublika”.

Keçidlər