8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir
Martın 7-də Nəsimi rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi, bildirdi ki, 104 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. Bu gün isə bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.
Cəmiyyətdə və ailədə qadınların rolundan danışaraq bildirdi ki, bu gün qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb, onların bütün sahələrdə kişilərlə yanaşı geniş təmsil olunmalarını ölkəmizdə dövlət səviyyəsində qadınlara göstərilən ehtiramın bariz nümunəsi olduğunu qeyd etdi. Natiq xanım iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi, onlara xoş arzularını çatdırmış, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.