Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda ümummilli lider Heydər Əliyevin anım günü

13 dekabr 2012 | 16:00

Tədbirdən əvvəl iştirakçılar rayon icra hakimiyyəti binasında ulu öndərin büstü önünə gül dəstələri düzdülər.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirdi ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bəşər tarixinin ən parlaq şəxsiyyətləri ilə bir sırada duran, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli liderimiz Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü Vətənimizin hər bir guşəsində, soydaşlarımızın yaşadıqları bütün ölkələrdə dərin kədər hissi ilə qeyd edilir.
Azərbaycan tarixinin taleyüklü hadisələrlə zəngin otuz ildən artıq bir dövrü ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycana rəhbərliyi ayrı-ayrı dövrlərə, hətta müxtəlif ictimai-siyasi quruluşlara təsadüf etsə də, Ümummilli liderimiz daim doğma Vətənə, xalqa sonsuz məhəbbət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, həmişə milli maraqların müdafiəçisi və təminatçısı olmuşdur. Onun hər bir addımı Vətənə, xalqa fədakar xidmətin bariz nümunəsi idi. Hələ sərt sovet rejimi dövründə o heç bir çətinliyə və maneəyə baxmayaraq Azərbaycanın gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərmiş və titanik fəaliyyəti sayəsində müasir, müstəqil, çiçəklənən dövlətimizin təməlini qurmuşdur. Onun siyasətinin gücü müdrikliyində, fitri istedadında, ölçülüb-biçilmiş qərarlarında, geniş dünyagörüşü, qətiyyətliliyində və siyasi iradəsində - bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi.
Xalqımız tam əsasla dahi insan və böyük vətənpərvər Heydər Əliyevi müstəqil Azərbaycanın banisi və memarı hesab edir. Azərbaycan xalqı var olduqca ulu öndərimiz Heydər Əliyevin ideyaları yaşayacaq və ölkəmizin gələcək uğurlarının rəhni olacaqdır.
Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına və qüdrətlənməsinə istiqamətlənmiş siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir və bizi yeni uğurlara aparır.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri İmran Cəfərzadə, Nəsimi Rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışlarında ulu öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, onun millətinə olan dərin sevgisindən danışdılar. Vurğulandı ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, ölkəmizdə bütün sahələrdə əldə edilən böyük inkişaf Ümummilli liderimizin əzmkar fəaliyyətinin, onun müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir. Ulu öndərimizin zəngin irsinin gənclərimiz tərəfindən öyrənildiyi, onun fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğu diqqətə çatdırıldı. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi vardır. Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi daim qəlbimizdədir.
Ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirildi. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev tədbirdə yekun çıxışı etdi.
 

Keçidlər