Nəsimi rayonunda ilin birinci rübünə yekun vuruldu
Nəsimi rayonunda 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq bildirmişdir ki, ölkəmizdə cari ilin birinci rübünün iqtisadi yekunları uğurlu olmuş, ümumi daxili məhsul 5 faizdən çox, sənaye istehsalı isə 4 faiz artmışdır. Bu dövrdə 30 minə yaxın yeni iş yeri yaradılmışdır.
Bu günlər dünyanın bir çox ölkələrində iqtisadi və siyasi böhranlar tüğyan etdiyi bir zamanda Azərbaycan inkişaf və sabitlik məkanı kimi tanınır və bu, bütün dünyada yüksək dəyərləndirilir. Bütün bunlar əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş müdrik siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nümunəsidir.
2015-ci ilin birinci rübü Nəsimi rayonu üçün də uğurlu olmuş və önəmli nəticələr əldə edilmişdir. Bu dövrdə rayonda 140 milyon 351 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çoxdur. Rüb ərzində rayonda 482 yeni iş yeri yaradılmışdır. Nəsimi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 276 ailəyə ünvanlı dövlət sosial yardımı verilmişdir. 321 nəfər tənha, ahıl və əlilə evlərdə sosial məişət xidməti göstərilmişdir.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev məruzə ilə çıxış etdi. O bildirdi ki, birinci rübdə rayonda istehlak bazarında dinamik inkişaf davam etmiş və əhaliyə 261 milyon 220 min manatlıq mal satılmış və xidmətlər göstərilmişdir. Cari ilin birinci rübündə rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi 36,7 faiz artaraq 13 milyon 684 min manat təşkil edib. Nəqliyyat müəssisələri isə rüb ərzində 117 milyon 645 min manat həcmində xidmətlər göstərib ki, bu da keçən ilin eyni dövrü ilə nisbətdə 12,5 faiz çoxdur.
Rüb ərzində rayon qaz istismar sahəsi tərəfindən 953 mexaniki sayğac “Smart-kart” sayğacları ilə əvəz olunub. Rayon enerji təchizatı və satışı idarəsi tərəfindən 2 min 466 metr kabel və naqillər dəyişdirilmiş, satılmış elektrik enerjisi dəyərinin 98,4 faizi ödənilmişdir. Nəsimi Rayon Sukanal İdarəsi tərəfindən müxtəlif ünvanlarda, ümumilikdə 1500 paqonometr boru çəkilmişdir.
İlin birinci rübündə Nəsimi rayonunda genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilmişdir. Bu dövrdə məhəllədaxili yollara 105420 kvadratmetr asfalt örtüyü vurulmuşdur. D.Əliyeva küçəsində iki ünvanda abadlıq işləri aparılmış, həmin ərazilərdə 100 ağac əkilmiş, 1700 kvadratmetr sahəyə qazon salınmış, 1350 kvadratmetr sahəyə tamet plitə döşənmişdir.
IDEA İctimai Birliyinin “Ümumrespublika yaşıllaşdırma” marafonuna fəal qoşulmuş Nəsimi rayonunda mart ayı ərzində keçirilmiş iməciliklərdə, ümumilikdə 600-ə yaxın həmişəyaşıl ağac əkilmişdir.
Süni qiymət artımının qarşısının alınması və kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsi məqsədilə rayon icra hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış və bununla əlaqədar mütamadi olaraq reydlər keçirilir. “Təzə Bazar” MMC ərazisində hər həftə yarmarka təşkil edilir və burada 40-50 ton kənd təsərrüfatı məhsulları satılır.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar tədbirlər Nəsimi rayonunda davam etdirilir və görülən işlər rayon icra hakimiyyətinin daim nəzarətindədir.
Yığıncaqda Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Laçın Mustafayev, rayon qaz istismar sahəsinin baş mühəndisi Nizami Mirzəyev, Nəsimi Rayon Sukanal İdarəsinin rəisi Ədalət Bağırov və rayon enerji təchizatı və satışı idarəsi satış şöbəsinin müdiri Mürsəl Eyvazov çıxış etdilər. Onlar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışı etdi.