Nəsimi rayonunda I-ci Avropa Oyunlarına hazırlıqla əlaqədar tədbir keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətində “I-ci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçrilib. Tədbir Rayon İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev 2015-ci ildə Bakı şəhərində keçiriləcək I-ci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlər üzrə Nəsimi rayonu ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırdı. Qeyd olundu ki, I-ci Avropa Oyunlarının keçirilməsinə az vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Tədbirlər planında rayonun hüquq mühafizə orqanlarının, məznil istismar sahələrinin, rabitə, elektrik enerjisi, su, qaz təsərrüfatı müəssisələrinin rəhbərlərinin gücləndirilmiş iş rejimində fəaliyyətləri nəzərdə tutulur.
Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev nümayiş olunan təqdimat əsasında “Bakı - 2015” I-ci Avropa Oyunları ilə bağlı məlumat verərək, bütün məsul təşkilatların üzərinə düşən vəzifələrin mükəmməl yerinə yetirilməsi üçün məsuliyyətin daha da artırılmasının zəruriliyini qeyd etdi.
Digər çıxışlarda da I-ci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr barədə məlumat verildi.