Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda “Şahin” hərbi idman oyunu keçirilmişdir

20 aprel 2015 | 15:00

Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə, eyni zamanda Nəsimi rayon Gənclər və İdman İdarəsinin 2015-ci il tədbirlər planına uyğun olaraq  18 aprel 2015-ci il tarixdə Nəsimi rayonu 54 saylı orta məktəbin stadionunda rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilmişdir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakmiyyəti başçısının müavini Gülarə Verdiyeva bu cür  tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, torpaqlarının 20 faizi düşmən tapdağında olan, on minlərlə şəhid vermiş ölkə olaraq Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin gücləndirilməsi bu gün ən aktual mövzulardan biridir. Bu cür yarışların keçirilməsi yeniyetmə və gənclər arasında vətənpərvərlik əhval-ruhiyyəsinin gücləndirilməsi, onların dövlətçiliyə sədaqət, vətənə bağlılıq ruhunda formalaşması baxımından xüsusi əhəmiyyətə malikdir.

Sonra çıxış edən Nəsimi Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev bildirmişdir ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlığa köməkliyin göstərilməsindən ibarətdir.

Daha sonra söz oyunu idarə etmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə fənni üzrə metodisti Rövşən Qasımova verilmişdir. Rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirak etdiyi tədbirdə ümumilikdə 26 komanda tərkibində 364 nəfər şagird iştirak etmişdir.

Yarışın nəticələrinə görə Texniki Humanitar Liseyin komandası I, 54 saylı orta məktəbin komandası II, 23 saylı orta məktəbin komandası III, 266 saylı orta məktəbin komandası isə  IV yerlərə layiq görülmüşlər. Rayon mərhələsinin qalibi olmuş Texniki Humanitar Liseyin komandası eyni zamanda Bakı şəhəri üzrə keçiriləcək zona yarışına vəsiqə qazanmışdır.

Keçidlər