Görkəmli oftomoloq alim akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilib
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə görkəmli oftomoloq alim akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan silsilə tədbirlər keçirilmişdir. Tədbirlər Planına uyğun olaraq əvvəlcə Nəsimi rayonu ərazisində yaşayan və görmə qabiliyyəti zəif olan vətəndaşların tibbi müayinəsi aparılıb. 5 saylı şəhər poliklinikasında keçirilən aksiya çərçivəsində gözdən əlillərə hərtərəfli tibbi xidmət göstərilmişdir. Səhiyyə müəssisəsinin bütün tibbi personalları və avadanlıqları bu nəcib aksiyanın uğurla keçirilməsinə cəlb olunmuşdur.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərliyi və Rayon İcra Hakimiyyətinin nümayəndələri tibbi müayinədən keçən sakinlərlə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar. Sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı fəallarının iştirakı ilə qanvermə aksiyası keçirilib. Təşkilatın sədri, Millət Vəkili Məlahət İbrahimqızı və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Qadınlar Şurasının sədri Gülarə Verdiyeva Zərifə Əliyevanın milli oftomologiya elminin inkişafı sahəsindəki xidmətlərindən danışıblar. Qeyd olunub ki, Zərifə xanım oftomologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də Azərbaycan qadınına xas olan ən ülvi, nəcib dəyərləri özündə yaşadan xanım-xatın ziyalı, şəfalı əlləriylə gözlərə işiq bəxş edən mərhəmətli qəlbi və həlim xasiyyəti ilə könüllərə məlhəm olan nurlu şəxsiyyət idi.
Respublika qan bankında keçirilən aksiyada 300-ə yaxın könüllü iştirak edib. Tədarük edilən qan əsasən talassemiya və hemofliyadan əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaqdır. Daha sonra rayon ərazisində yaşayan gözdən əlil sakinlər üçün süfrə açılıb və onlara ərzaq yardımı göstərilmişdir.