Nəsimi rayonunda Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Nəsimi rayonunda Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsini ziyarət edib, xatirəsinə ehtiramlarını bildirdilər.
Mərasim Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlanmış, Çanaqqala savaşında qəhrəmanlıqla həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Nəsib Məhəməliyev çıxış edərək Çanaqqala zəfərinin 100 –cü ildönümü münasibətilə həm qardaş Türkiyədə, həm də ölkəmizdə keçirilən tədbirlərin uydurma erməni soyqırımı iddiaları ilə çıxış edənlərə tutarlı cavab olduğunu bildirdi. Qeyd etdi ki, bu gün xeyirlə şərin qarşı qarşıya dayandığı bir gündür. Bir yanda öz azadlığı və istiqlaliyyəti uğrunda şəhid və qazi olan türk xalqının bayramı, bir yanda da saxta və mənfur bir ideologiyaya xidmət edən ermənilər və onların havadarlarının uydurma erməni soyqırım iddiaları. Çanaqqala zəfərinin bütün türk dünyasının zəfəri olduğunu qeyd edən Nəsib Məhəməliyev həmin döyüşlərdə 3000-dən artıq Azərbaycanlının iştirak etdiyini və ordakı qardaş-bacılarımızla birgə qəhrəmanlıqla şəhid olduqlarını diqqətə çatdırdı.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun bir millət iki dövlət olan Azərbaycan –Türkiyə qardaşlığından, yalan erməni təbliğatına qarşı aparılan birgə mübarizə tədbirlərindən danışdı. Bildirdi ki, Çanaqqala hadisələri bütün türk dünyasının qürur, iftixar yeridir. Bir əsr bundan əvvəl mərd- igid Azərbaycan oğulları Anadoluda, Çanaqqalada türk qardaşları ilə birləşərək şücaət və qəhrəmanlıq göstərmişlər.
Azərbaycan Tibb Universitetinin professoru, tarix elmləri doktoru Fəxrəddin Məmmədov çıxış edərək Çanaqqala döyüşləri, bu hadisənin ümumtürk tarixindəki əhəmiyyəti barədə konkret tarixi faktlar əsasında söhbət açdı.
Digər çıxış edənlər- Atatürk Liseyinin müəllimi Hayrı Ataş və Bakı Türk Anadolu Liseyinin Sosial bilgilər müəllimi Əmrullah Bayram bildirdilər ki, bu qələbə bir daha türklərin öz ata-baba torpaqlarını qorumağı bacardığını bütün dünyaya sübut etdi.
Tədbirin sonunda Çanaqqala zəfərinə həsr olunmuş sənədli film nümayiş etdirildi.