Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə “Dahi imza” adlı tədbir keçirilib

06 may 2015 | 15:00

Mayın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Dahi imza” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərin artıq ümumxalq bayramına çevrildiyini söyləyib. O deyib ki, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz Onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.

Sonra YAP Gənclər Birliyinin Ulu öndərin anadan olmasının 92-ci ildönümü ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib.
Çıxış edən Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Xoşbəxt xalq o xalq deyil ki, onun qarşısına problemlər çıxmır, həyatını rahat yaşayır. Əsl xoşbəxt xalq odur ki, onu çətinliklərdən çıxara bilən, ona inam verən, öz gücünə inandıran bir lideri var. Xalqın üzləşdiyi çətinliklər onun potensialını, gücünü, imkanlarını üzə çıxarmağa imkan verir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bir fərd, bir şəxsiyyət, bir milli lider kimi özü-özünü sınaqdan çıxarmaqla yanaşı, özü ilə birgə Azərbaycan xalqını da sınaqlardan çıxardı, çətinliklərdən qurtardı, beləliklə də xalqda öz gücünə inam aşıladı. İnsanın, xalqın özünə inamı yalnız nailiyyətlər əldə edilməsinə gətirib çıxara bilər, məhz Azərbaycan dövləti, Azərbaycan xalqı, bu xalqın yetirdiyi dahi, müdrik, bizim hər birimizin qəlbində ülvi məhəbbət bəslədiyi Heydər Əliyev şəxsiyyəti kimi. Ulu öndərin həyatı hər bir azərbaycanlı, xüsusilə gənclər üçün örnəkdir.
Bahar Muradova deyib ki, bu gün gənclərin Heydər Əliyev irsinə sadiqliyini, Ona olan sevgisini görəndə əminliklə söyləyə bilərik ki, Azərbaycan hər zaman Heydər Əliyev yolu ilə irəliləyəcək. Azərbaycan hər zaman inkişafın Heydər Əliyev yoluna sadiq qalacaq. Bu yolun önündə yenə Azərbaycan gəncliyi olacaq. Gənclər Heydər Əliyevin imzasını qoyduğu Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması vəzifəsini ləyaqətlə yerinə yetirəcək. Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu şah əsərin qorunması, inkişaf etdirilməsi vəzifəsini Prezident İlham Əliyev çox böyük ləyaqətlə və bacarıqla yerinə yetirir.

YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü, Milli Məclisin deputatı, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov bildirib ki, artıq bütün dünya qəbul edir ki, müasir Azərbaycan dövlətçiliyinin yaradıcısı Ulu öndər Heydər Əliyevdir. Onun hələ SSRİ-nin tərkibində olduğumuz vaxtlarda Azərbaycanda gördüyü işlər, genişmiqyaslı fəaliyyəti bu gün Azərbaycanın müstəqil bir dövlət kimi yaşamasını təmin edib. Ölkəmizdə hansı sahəyə nəzər salsaq görərik ki, onun əsası Ulu öndər tərəfindən qoyulub.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı, YAP Nəsimi rayon təşkilatı idarə heyətinin üzvü Nəsib Məhəməliyev bildirib ki, çağdaş dünyamızda, çox ziddiyyətli proseslərin baş verdiyi geosiyasi maraqların üst-üstə düşdüyü bir zamanda sabitlik adası adlanan Azərbaycan adında müstəqil, güclü, iqtisadi cəhətdən inkişaf etmiş bir dövləti bizə məhz Ulu öndər Heydər Əliyev ərməğan edib.

Keçidlər