Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual problemləri” mövzuda ənənəvi VI Beynəlxalq elmi konfrans öz işinə başladı

06 may 2015 | 15:00

Ötən gün Bakı Slavyan Universitetinin (BSU), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda ənənəvi VI Beynəlxalq elmi konfrans öz işinə başladı. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə əklil qoydular.

Açılış mərasimində çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev konfrans iştirakçılarını salamladı. Bildirdi bu konfrans Heydər Əliyev irsinin öyrənilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verəcək.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev isə qeyd etdi ki, müstəqil Azərbaycanın qurucusu, BSU-nun yaradıcısı, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən konfransda müxtəlif ölkələrdən olan iştirakçıların birlikdə fəaliyyəti təkcə Azərbaycanla münasibətlərin inkişafına deyil, qonaqlar arasında da əməkdaşlığın qurulmasına səbəb olacaq: “Ulu Öndər hər birimizin gələcəyə daha inamlı baxışımızın səbəbkarıdır. Heydər Əliyev işığı hər zaman bizim ürəyimizdədir və bu ənənəvi beynəlxalq konfrans bunun göstəricisidir. Konfransın coğrafiyası ildən-ilə daha da genişlənir.”

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirdi ki, ümummilli lider Heydər Əliyevin ən böyük xidməti azərbaycançılıq məfkurəsinin təbliği, milli özünüdərkin inkişafında gördüyü işlərlə bağlıdır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirərək ölkəmizin dünya birliyində layiqli yerini tutmasında mühüm addımlar atıb. Təhsil Nazirliyi azərbaycançılıq ideologiyasının təbliği üçün bir sıra tədbirlər həyata keçirib. BSU-nun təşəbbüsü ilə bir çox xarici universitetlərdə Azərbaycan Dili və Mədəniyəti Mərkəzləri fəaliyyət göstərir. Bakı Slavyan Universiteti Azərbaycanın dünyada tanıdılması, azərbaycançılığın təbliği istiqamətində mühüm addımlar atır və bu beynəlxalq konfrans dediklərimin sübutudur.

Tədbirdə çıxış edən insan hüquqları üzrə müvəkkil - Ombudsman Elmira Süleymanova isə vurğuladı ki, Azərbaycan təcavüzə məruz qalsa da, yüksək inkişaf yolundadır. Azərbaycanın bütün sahələrdə olduğu kimi, iqtisadi inkişafı da insan hüquqlarının yüksək səviyyədə qorunmasına böyük dəstəkdir. Ölkəmiz tolerant dəyərlərə sadiqliyi ilə seçilir, çünki azərbaycançılıq məfkurəsi millətçiliyə yox, beynəlmiləllik, sülh və tərəfdaşlığa yönəlmiş məfkurədir.

Şəhər Pedaqoji Universitetinin prezidenti, professor Viktor Ryabov BSU ilə təmsil etdiyi universitet arasında 10 il əvvəl müqavilə bağlandığını diqqətə çatdırdı. O, bu sazişin təkcə rəhbərlik səviyyəsində qalmadığını, universitetlərin professor-müəllim heyəti və tələbələri arasında dostluq əlaqələrinin qurulmasına səbəb olduğunu dedi: “1985-87-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə tədrisdə islahatların aparılması üçün yaradılan qrupda çalışmışam. Mən onun nə qədər səmimi və peşəkar olduğunun canlı şahidiyəm. Bu gün də belə bir dahi şəxsiyyətin anadan olmasının 92-ci ildönümünə həsr olumuş beynəlxalq konfransda iştirak etməkdən çox məmnunam və elə bu kürsüdən rəhbərlik etdiyim universitetdə Azərbaycan dilinin tədris olunmasını təklif edirəm.”

“Rusiya və MDB Ölkələri ilə Dostluq” Federasiyasının sədri, “Slavyanlar” Fondunun prezidenti, professor Zaxari Zaxariyev Azərbaycanın Avropa və Asiya arasında intellektual və mədəni körpü olduğunu bildirdi və bunun ulu öndər Heydər Əliyevin xidməti olduğunu vurğuladı.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev isə vurğuladı ki, xalqımızın azərbaycançılıq ideologiyası ətrafında birləşməsi və beynəlxalq arenada yüksək nüfuz qazanması Ümummilli Liderin gərgin əməyinin nəticəsidir: “Ölkəmizə qarşı bəzən ikili standartlar tətbiq olunur, buna baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü siyasət hərtərəfli inkişafa mühit yaradır. Yaxın günlərdə Bakıda I Avropa Oyunlarının başlanması da beynəlxalq arenada Azərbaycanın imicinə müsbət təsir göstərəcək.”
Çex Respublikasının Yaxın Şərq və Afrika İnstitutunun müdiri, professor Eduard Qombar Azərbaycanın geosiyasi mövqeyindən bəhs etdi, “Türkmənçay” və “Gülüstan” müqavilələri nəticəsində ölkəmizin parçalanmasını xatırlatdı. O, müasir Azərbaycanın rəqabətədavamlı ölkə olduğunu və Çex Respublikası ilə dostluq əlaqələrinin genişləndiyini söylədi.

Ausburq Universitetinin, Müqayisəli ədəbyyat bölməsinin doktoru Einshut Urlike, Litva Dili Universitetinin direktoru, professor Yolanta Zabarskayte, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze, Türk Dil Kurumu başqanı, professor Mustafa Sinan Kaçalin, Minsk Milli Linqvistik Universitetinin elmi işlər üzrə prorektoru, professor Anatoli Qorlatov, Hayfa Universitetinin Beynəlxalq münasibətlər üzrə eksperti Arye Gut çıxışlarında konfransın əhəmiyyətini vurğuladılar.

Qeyd edək ki, 383 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu konfransda 20 ölkədən (Rusiya, Belarus, Bolqarıstan, Polşa, Almaniya, Türkiyə, Gürcüstan, İngiltərə, Litva, İtaliya, Qırğızıstan, Çexiya, ABŞ, İsrail, İsveç, Misir, İran, Qazaxıstan, Niderland) 60 qonaq iştirak edir. Bununla yanaşı, konfransa Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA-nın elmi-tədqiqat institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (Bakı filialı), Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Polis Akademiyası, Bakı Biznes Universiteti, Bakı Avrasiya Universiteti, Qafqaz Universiteti, Azərbaycan Müəllimlər İnstitutunun Bakı filialı ilə yanaşı, Şamaxı və Naxçıvan filialları, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Sənaye Pedaqoji Kolleci, Gəncə, Sumqayıt, Naxçıvan, Saatlı, Cəlilabad və Şamaxıdan olan nümayəndələr qatılıblar.

Mayın 6-da qonaqlar Qax və Şəki rayonlarına səfər edəcəklər. Nümayəndə heyəti burada Gürcü kilsəsi, Qax cümə məscidi, “Bilik Evi” ilə tanış olacaq, “Qədim Qax”da gəzintiyə çıxacaqlar. Qax Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə Heydər Əliyev Mərkəzində tədbir keçiriləcək, qonaqlar Kürmük Alban məbədini ziyarət edəcəklər. Günün ikinci yarısında Şəki şəhərinə yola düşəcək nümayəndə heyəti İcra Hakimiyyətinin binası qarşısında Ulu Öndərin abidəsi önünə gül qoyacaq, sonra qonaqlar Kiş Alban məbədini, Cümə məscidini ziyarət edəcək, Şəki Xan sarayı kompleksi ilə tanış olacaqlar.

Konfrans öz işini “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev irsi və Azərbaycanın inkişaf strategiyası”, “Müasir Azərbaycanda multikultural cəmiyyət və millətlərarası münasibətlər”, “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı” bölmələri üzrə davam etdirəcək. Konfrans çərçivəsində xarici qonaqların iştirakı ilə bir sıra ustad dərslərinin və dəyirmi masaların keçirilməsi planlaşdırılır.

Mayın 6-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycan multikulturalizmi və mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa keçiriləcək. Mayın 7-də isə qonaqlar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Şöhrət Muzeyi, Bakının tarixi və görməli yerləri, eləcə də Azərbaycan Tarixi Muzeyi, N. Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Arxeologiya və Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Bayrağı Muzeyi ilə tanış olacaqlar.

Keçidlər