Heydər Əliyev irsi gələcək nəsillər üçün zəngin xəzinədir
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı
- Məlahət xanım, hazırda ölkəmizin bütün guşələrində Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü böyük təntənə ilə qeyd olunur. Sizcə, Heydər Əliyev irsinin bütövlükdə Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?
- Əslində, Heydər Əliyevlə bağlı hər bir mövzu nə qədər əzizdirsə, nə qədər doğmadırsa, o qədər də məsuliyyətlidir. Cünki, Azərbaycanda elə bir sahə yoxdur ki, Onun misilsiz xidmətləri olmasın, çox hallarda da O bu işlərin qurucusu və yaradıcıdır. Eyni zamanda onunla bağlı hətta ən kiçik məsələ də böyükdür, çox əhəmiyyətli və qiymətlidir. Heydər Əliyev irsi bizim üçün və gələcək nəsillər üçün zəngin xəzinədir, vətəninə, xalqına, dövlətinə xidmət nümunəsidir. Ona görə, Onun adı ilə bağlı hər hansı bir araşdırma böyük bir elmi əsər və ya monoqrafiyadır. Bu mənada Heydər Əliyev və Azərbaycanın müasir dünyada yeri haqqında düşünərkən hər kəsdə yaranmış məsuliyyətli hissi sözlə dilə gətirmək belə çətindir. Sözsüz ki, bu Heydər Əliyev haqqında yazılan hətta ən böyük əsəri də bitmiş hesab etmək olmaz. Mən də belə bir Böyük Şəxsiyyətin zamanında yaşamağıma və Onun məktəbindən dərs aldığıma görə özümü hədsiz dərəcədə xoşbəxt hiss edir, mənim üçün yazılmış bu alın yazıma görə Yaradanıma sonsuz Şükürlür edirəm.
Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş gənc və elə də böyük olmayan ölkəmizin üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətli həlli onun beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Onilliklər boyu müstəmləkədə olan Azərbaycan həm öz xalqını dünya birliyinə tanıtmalı idi, həm də müstəqilliyini təzə qazandığı düvlətini beynəlxalq aləmdə tanıtmalı idi. Zəngin mədəniyyəti, milli dəyərləri və zəngin sərvətləri olan xalqımızın əslində həm şöhrətli bir xalq kimi, həm də dövlətlərarası münasibətlərə töhfə verə bilən dövlət kimi mövcud olmağa haqq qazanmış bir xalqdır.
Ən əsası isə Azərbaycan xalqı tarix boyu məşhur dövlət xadimləri yetişdirmiş xalqlardan olmaqla, XX əsrdə dünya siyasətində həm Sovetlər Birliyində, həm də müstəqillik illərində çox tanınan siyasətçi və görkəmli dövlət adamı, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev kimi şəxsiyyət yetirən bir xalqdır. Bu mənada Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün onun dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərinin tənzimlənməsi və inkişaf etdirilməsi istiqamətində dövlət siyasətinin formalaşdırılması böyük əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycanın dünya birliyinə tam hüquqlu üzv kimi daxil olmağa çalışan, müstəqilliyinin ilk kövrək addımlarını atan və Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlərin, beynəlxalq və məhəlli təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi Ulu öndərimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdi.
- Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yerinin və rolunun güclənməsində Ulu öndər Heydər Əliyevin göstərdiyi xidmətlər haqqında nə deyə bilərsiniz?
- Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan özünün geosiyasi mövqeyini, ictimai-siyasi və mənəvi psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq mövcud inkişaf modellərindən heç birinə birmənalı şəkildə üstünlük vermədən Qərb və Şərqin yaratdığı dəyərlərdən yaradıcılıqla və səmərəli şəkildə bəhrələnməyə, tarazlaşdırılmış çoxşaxəli xarici siyasət yeritməyə nail oldu. 1993-cü ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin ölkəmizdə hansı şəraitdə hakimiyyətə gəlməsini nəzərə alsaq Azərbaycanın çağdaş dünyada qazandığı yer və mövqenin hansı çətinliklər hesabına başa gəlməsi bir daha aydın olur.
1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili əsasında xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, daha doğrusu avroatlantik strukturlara inteqrasiya və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və paralel olaraq Türkiyə ilə, müsəlman dünyası və ayrıca olaraq İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi, hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda və birgə münasibətlərin düşünülmüş, bütün amilləri nəzərə alan durumu yaradıldı. Yəni fərqi yoxdur həm çox tərəfli və həm də iki tərəfli münasibətlərdə ən etbarlı tərəfdaş olmaq prinsipini həyata keçirmək idi.
Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropanın böyük dövlətləri ilə münasibətlər məsələsi mühüm bir istiqamət təşkil edir. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni xətt qısa bir müddətdə çevik taktiki gedişlərlə həyata keçirildi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi çox nüfuzlu həmfikirlər əldə etməsi Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu.
- Ulu öndər Heydər Əliyevin müəllifi olduğu xarici siyasət konsepsiyası haqqında da fikirlərinizi bilmək istərdik...
- Heydər Əliyevin xarici siyasət xətti dərin elmi nəzəri və zəngin təcrübə üzərində qurulmuş bir xarici siyasət konsepsiyası idi. Bu fəaliyyətdə hər bir amil, faktor, şərait və xüsusiyyət nəzərə alındı. Məhz bu siyasi kursun nəticəsidir ki, Azərbaycan bu gün dünyanın demək olar ki, bütün ölkələri ilə diplomatik münasibətlər qurmuş və əməkdaşlıq edir. Azərbaycan bu gün planetin beynəlxalq əməkdaşlıq regionlarından birinə, bəlkə də ən mühümünə çevrilibdir. Məhz bunun nəticəsidir ki, yalnız Adı çəkilən ölkələr yox, Cənubi Amerikanın, Afrikanın bir sıra ölkələrinin, Kanadanın və s. Azərbaycana marağı günbəgün artmaqdadır.
Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə də böyük diqqət yetirilirdi. Hazırda dünyada təxminən 4 mindən çox beynəlxalq və məhəlli təşkilat mövcuddur ki, bunlardan 300-dən çoxu hökümətlərarası təşkilatlardır. Beynəlxalq təşkilatlara üzv olmaq, onların işlərində iştirak etmək, onlarla səmərəli iş qurmaq Azərbaycanın problemlərini, Azərbaycanın həqiqətlərini, dünyaya çatdırmaq üçün böyük əhəmiyyət kəsb edir. Məhz buna görə hazırda Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası (AŞ), Müstəqil Dövlətdər Birliyi, GUAM, İslam Konfransı Təşkilatı (İKT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Parlamentlərarası İttifaq (Pİ), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kimi beynəlxalq təşkilatları üzvü olmaqla bərabər, Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq edir. Azərbaycan yeni-yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulur.
Dərin mənəvi, mədəni, elmi iqtisadi, potensiala, zəngin təbii sərvətlərə, əlverişli coğrafi-siyasi mövqeyə malik Azərbaycan həm də özünün zəngin təbii sərvətləri ilə məşhurdur. Bu sərvətlər içərisində neft əsas yer tutur. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir.
Bu gün dünyada baş verən müxtəlif proseslər - yeni müharibə ocaqlarının yaranması, ölkələr arasında enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi üçün daha ciddi düşünməli, xüsusən, alternativ nəql sistemlərinin yaradılması ilə mövcud ideyaların reallaşdırılması istiqamətində əməli hərəkətə keçməlidirlər.
- Məlahət xanım, hazırda qloballaşan dünyada mürəkkəb proseslər baş verir. Belə bir vəziyyətdə Azərbaycanın tutduğu mövqe, onun bölgədəki proseslərə təsiri baxımından əhəmiyyəti nədən ibarətdir?
- Ümummilli liderimiz Heydər Əliyev tərəfindən elmi-konseptual şəkildə əsasları qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni çalarlar qatılaraq, daha da zənginləşdirilən müstəqil Azərbaycanın təhlükəsizlik strategiyası, bu baxımdan öz dövrünün ən qabaqcıl təcrübəsini də əxz edərək, ölkəmizi nəhəng və geniş miqyaslı nailiyyətlərə qovuşdurur.
Regional təhlükəsizlik qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla bərabər onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. Dünya xəritəsinə nəzər salsaq, geopolitik subyektlərin daim qarşılıqlı təsirdə olmasına, hətta bir sıra hallarda bir regiondakı vəziyyətin digərinin təhlükəsizlik vəziyyətini şərtləndirdiyini müşahidə edə bilərik. İstənilən dövlətin təhlükəsizliyi hazırda geniş siyasi, iqtisadi və mədəni inteqrasiyaya məruz qalan dünyada beynəlxalq təhlükəsizlik anlayışından kənar təsəvvür edilə bilməz. Məhz bu baxımdan, bir çox beynəlxalq təşkilatların nizamnamə və sənədlərində də beynəlxalq təhlükəsizliyin qorunması problemi daim öz əksini tapmaqdadır.
Ötən dövrdə Azərbaycanın enerji siyasəti daha da zənginləşib və respublikamız dünyada təchizatçı kimi mövqeyini möhkəmləndirib. Azərbaycan bölgənin bir çox ölkəsinə yanacaq ehtiyatlarının nəqlini həyata keçirməklə diversifikasiya siyasətini gücləndirib. Belə ki, hazırda Azərbaycan nefti və qazı mövcud enerjidaşıyıcı sistemlərlə bütün istiqamətlərə nəql edilir. Lakin bu hazırkı imkanları genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün də yaxşı potensial mövcuddur. Rəsmi Bakı neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, bu sahədə müxtəlif layihələr üzərində düşünən Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız buna görə də dünya birliyində etibarlı və strateji tərəfdaş kimi yerini möhkəmləndirib.
Azərbaycanın təşəbbüsü ilə BTC, Bakı-Supsa neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsindən sonra karbohidrogen ehtiyatlarının nəqli ilə bağlı regionda tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı ki, bu da Azərbaycanın enerji siyasətinin müstəqil olmasından xəbər verdi. Bu layihələrdən sonra Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri layihələrinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir.
Əlbəttə, Azərbaycanın əlverişli geosiyasi mövqeyinin, multikultural müxtəlifliyin və çox mədəniyyətliliyinin, yüksək insan potensialının və zəngin təbii ehtiyatlarının olmasına baxmayaraq, heç də balanslı siyasətin həyata keçirilməsi elə o qədər də asan olmamışdır. Bütün bunlara baxmayaraq, Ulu Öndərimiz özünün zəngin siyasi-diplomatik bilik və bacarığına, yüksək dövlət idarəçiliyi və uzaqgörənlik qabiliyyətinə istinad edərək, elə bir dövlət siyasəti formalaşdırdı ki, bu siyasət ölkəmizin ildən ilə müasir dünyada imicinin və mövqeyinin güclənməsinə zəmin yaratdı. Sözsüz ki, 2003-cü ildən başlayaraq, dövlət siyasətinin əsas milli maraq olmaqla, kürəsəl güclərin və kürəsəl siyasətin də maraq və prinsiplərinə uyğun şəkildə yüksək səviyyədə həyata keçirilməsi məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin misilsiz xidməti sayəsindədir. Biz əminik ki, bu siyasət Azərbaycanın müasir dünyada gündən günə artan müsbət imici onun dünya birliyində yerini və mövqeyini bundan sonra da daha da gücləndirəcəkdir.