Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edildi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 23 iyun ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.
Nəsimi rayonunda əlamətdar gün münasibətilə tədbir keçirilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq dövlət qulluqçularını təbrik etmiş və onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi, çevik idarəetmə strukturunun yaradılması, icra hakimiyyəti orqanlarının funksional vəzifələrinin müəyyən edilməsi məqsədilə xeyli işlər görülmüşdür. Bütün sahələrdə olduğu kimi, dövlət qulluğunun da müasir tələblər səviyyəsində təşkili və təkmilləşdirilməsi daim diqqət mərkəzində duran məsələlərdən olmuşdur. Ölkəmizdə dövlət qulluğunu tənzimləyən əsas sənəd 2000-ci ilin iyulunda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunudur. Bu qanun qəbul edildikdən sonra Azərbaycanda müasir dövlət qulluğu ənənələri təşəkkül tapmağa başlamışdır. Bu mühüm sənəd düzgün kadr siyasətinin aparılmasına, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə xidmət göstərir.
Nəsib Məhəməliyev Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2015-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşı Vəfa İsmayılovanı təbrik etmiş, ona uğurlar arzulamışdır. Vəfa İsmayılova əməyinə verilən böyük qiymətə görə dövlət başçımız cənab İlham Əliyevə dərin minnətdarlıq etmiş və bundan sonrakı fəaliyyətində böyük etimadı doğrultmağa çalışacağını bildirmişdir.
Nəsimi Rayon İcra Hakimiyyəti sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Quliyev və başqaları çıxışlarında dedilər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir və onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar. Mənəvi saflıq, vicdanlılıq və təmənnasızlıq dövlət qulluğunda əsas meyarlardır.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev yekun çıxışı etdi.
Tərcümeyi-hal
İsmayılova Vəfa Nurəddin qızı 01 yanvar 1965-ci ildə Qərbi Azərbaycanda müəllim ailəsində anadan olmuşdur.
1972-ci ildə Yuxarı Körpülü kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1982-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir.
1983-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olmuş, 1989 ildə həmin Universiteti bitirərək jurnalist ixtisasına yiyələnmişdir.
1983-1996-ci illərdə Bakı şəhərində “Azərelektroterm” EİB-də müxtəlif vəzifələrdə çalışmışdır.
1996-1999-cu illərdə Kənd Təsərrüfatı Nazirliyi ƏBTİ-nin QSİ-də kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişdir.
25.11.1999 –cu il tarixdən hal-hazırkı dövrə qədər Nəsimi RİH-nin əraziidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışır.