Nəsimi rayonunda yeni stadionun açılışı keçirildi.
Bu gün Nəsimi rayonu ərazisində müasir standartlara cavab verən stadionun açılışında Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, Gənclər və idman naziri Azad Rəhimov və milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək ölkədə son illər aparılan uğurlu idman siyasətinin nəticəsi olaraq stadionların sayının da çoxaldığını bildirdilər.
Millət vəkilləri, olimpiya çempionları, KİV nümayəndələri, məktəblilər və Nəsimi rayon əhalisinin iştirak etdiyi tədbirdə icra başçısı Nəsib Məhəməliyev stadionun “İdman ili” çərçivəsində tikildiyini bildirib.
O həmçinin gələn ilin may ayında rayon ərazisində 2 parkın salınacağını da sözlərinə əlavə edib.
Nazir Azad Rəhimov bu tipli stadionların açılmasının ölkə üçün əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, gənclər onlara yaradılan şəraitdən istifadə edərək daha çox idmana maraq göstərməlidirlər.
Azərbaycan idmançılarının bu il beynəlxalq arenalarda qazandıqları uğurlardan da danışan nazir qeyd edib ki, idmançılarımız bu il 700-dən çox medal qazanıb. A.Rəhimov bu medalların daha çox yaddaqalanlarının London Olimpiadasında qazanılan medallar olduğunu söyləyib.
Tədbirin hissəsindən sonra “Yeni Ulduz” müsabiqəsinin qalibi Vüqar Muradov öz mahnıları ilə tədbir iştirakçılarına əyləncəli dəqiqələr yaşadıb.
Məlumat üçün bildirək ki, yeni istifadəyə verilən stadiondan daha çox məktəblilər və rayon gənclərinin istifadəsi nəzərdə tutulub. Stadionda futbol meydançası ilə yanaşı basketbol və voleybol meydançaları da tikilib.
Stadionun ətrafında 200 tamaşaçı tutumuna malik kiçik tribunalar da qurulub.