Nəsimi rayonunun gəncləri hərbi xidmətə yola salınır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırış ilə əlaqədar rayon İcra Hakimiyyətinin inzibati binasında təntənəli mərasim keçirilmişdir.
Tədbiri giriş sözü ilə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva açaraq, gəncləri Vətən qarşısında müqəddəs borclarını yerinə yetirmək üçün ordu sıralarına yola düşmələri münasibəti ilə təbrik etdi və onlara uğurlu xidmət arzuladı. Natiq bildirdi ki, Azərbaycan ordusunun müdafiə qabiliyyəti gündən-günə artır və o, ən müasir silah və hərbi texnika ilə təchiz edilir. Son illərdə ölkəmizdə artıq müasir silah və hərbi texnika istehsal olunur və hətta xaricə ixrac edilir. Orduya çağırılan gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Onlar silahlı qüvvələrimizin daha da güclənməsi, ölkəmizin müdafiə qabiliyyətinin qüdrətlənməsi üçün əllərindən gələni etməli, öz hərbi bilik və bacarıqlarını artırmalıdırlar. Bu gün fəxrlə hərbi xidmətə yola saldığımız gənclərə böyük ümidlər bəsləyirik. Gülarə Verdiyeva gənclərə tövsiyyələrini verdi və bir daha uğurlar arzuladı.
Sonra Böyük Vətən Müharibəsi Veteranları Nəsimi Rayon Şurasının sədri İsmayıl Fərəcov, Rayon Ağsaqqallar Şurasının üzvü Məcid İmaməliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Kənan Məmmədov hərbi xidmətə yola salınan gənclərə öz tövsiyyələrini verdilər və onlara ordu sıralarına nümunəvi xidmət arzuladılar.
Tanınmış müğənnilərin və H.Sarabski adına Mədəniyyət evi kollektivinin iştirakı ilə konsert proqramı nümayiş etdirildi.
Tədbirdə ordudan yenicə tərxis olunmuş gənclər də iştirak edirdilər. Onların işlə təmin olunmasına kömək məqsədi ilə binanın foyesində Nəsimi Rayon Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən təşviqat işi təşkil olunmuşdur.