Prezident İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib.
Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Bakı-Biləcəri-Sumqayıt dəmir yolu layihəsi ilə bağlı görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Yolun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə, Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin stansiyaları, 10-cu və 6-cı blok post-ayırma məntəqələri yerləşir. Stansiya və ayırma məntəqələrinin baş yolları üzərində 106 dəst yoldəyişən qurğu quraşdırılıb. Sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılıb.
Bakı sərnişin stansiyasının yenidən qurulması işləri çərçivəsində 4 yeni platforma inşa olunub. Onların birinin uzunluğu 310, digərlərinin uzunluğu isə 254 metrdir. Stansiyada qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların dördündə əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Hazırda ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında da əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.
Qatara biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkün olacaq.
Yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlətimizin başçısına təqdim edildi.
Ümumilikdə, layihə üzrə burada 55 turniket, 10 satış köşkü quraşdırılıb. Hazırda “BakuBus” avtobusları və metropolitendə istifadə olunan vahid ödəmə kartı – “BakıKart”dan burada istifadə, ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkün olacaq.
Prezident İlham Əliyev Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınmasını bildirən rəmzi lenti kəsdi və zəngi vurdu.
Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara verilib. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçiriləcək. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr edilə bilər. Bakı-Sumqayıt şəhərətrafı yüksək sürət və rahatlıqla sərnişindaşımanı təmin etmək məqsədilə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işlərinə start verilib. Sahə üzrə yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları inşa edilib, dəmir yollarının əsaslı təmirinə başlanılıb. İndiyədək 60 kilometr yol əsaslı təmir olunub.
Prezident İlham Əliyev yeni marşrut üzrə hərəkət edəcək qatarların xidməti heyəti ilə görüşdü. Dövlətimizin başçısı dedi:
-Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar alınıb. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər. Azərbaycan dəmir yolu ölkəmizin ümumi tərəqqisinə uyğun şəkildə inkişaf edir. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir.
Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün istifadəyə verilir. Həm xətt yenilənib, - indi qatarlar yüksək sürətlə işləyəcək, - həm də qatarlar da ən yüksək səviyyəyə malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün Azərbaycanda da var. Sizin üçün gözəl formalar da tikilib. Əminəm ki, çox gözəl mədəni xidmət göstərəcəksiniz. Sərnişinlər də razı olacaqlar. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
Sonda xatirə şəkli çəkdirildi.