«Bilik günü» Nəsimi rayonunun orta məktəblərində qeyd olunmuşdur
Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr - «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram ruhiyyəsi ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərdə böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.
Nəsimi rayonundakı 23 saylı tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninn şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbiri açıq elan edən 23 saylı məktəbin direktoru Yuliya Kərimova məktəbin tarixi barədə məlumat verərək qeyd etmişdir ki, məktəb binası 1935-ci ildə tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən məktəb binası sökülərək yenidən müasir standartlara uyğun tikilmiş, 2014-cü il avqustun 26-da cənab Prezident və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilmişdir. Burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır.
Məktəb 2006-cı ildə «Ən yaxşı ümumtəhsil müəssisəsi» müsabiqəsinin qalibləri arasında olmuşdur. Məktəbdə 1974 şagird təhsil alır və 126 müəllim çalışır. Məktəb ingilis dili təmayüllüdür. Burada iki xarici dil tədris olunur.
Yuliya Kərimova təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirmişdir.
Öz tarixi və ənənələri ilə seçilər Nəsimi rayonu 1 saylı orta məktəbdə keçirilən «Bilik günü» tədbirini açıq elan edən məktəbin direktoru Elida Rzayeva qonaqları, tədbir iştirakçılarına salamlayaraq qeyd etmişdir ki, məktəb XIX əsrin axırlarından fəaliyyət göstərir. 1941-1945-ci illərdə məktəbin binasında hərbi qospital yerləşmişdir.
2012-ci ildə məktəb Dövlət Proqramina əsasən əsaslı təmir olunmuş, 2015-ci ildə isə məktəbin həyətində yeni 10 sinif otağından və idman zalından ibarət, 3 mərtəbəli tədris binası inşa olunmuşdur. Məktəbdə 29 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, kitabxana,hər cür avadanlıqlar təchiz olunmuş müasir idman zalı vardır.
Elida Rzayeva müasir təhsil almaq üçün yaradılan şəraitə görə müəllim kollektivi, şagirdlər və validenylər adından ölkə başçısına öz minnətdarlığını bildirmişdir.
Texniki Humanitar Liseydəki tədbirdə çıxış edən liseyin direktoru Səidə Zeynalova bildirmişdir ki, liseyin binası 1963-cü ildə tikilib. Lisey əvvəllər axşam məktəbi kimi, 2000-ci ildən isə Texniki Humanitar Lisey kimi fəaliyyət göstərir. Liseydə təhsil V-XI siniflər arasındadır. Lisey 2008 və 2014-cü illərdə «Ən yaxşı ümumtəhsil müəssisəsi» adını qazanmışdır. Burada 1077 şagirdin təhsili ilə 91 müəllim məşğul olur.
2014-2015-ci tədris ilinin yekunlarına görə 112 məzunun 106-sı ali məktəblərə qəbul olmuş, onlardan 40 nəfəri 500-dən yuxarı, onlardan 16 nəfəri 600-dən yuxarı, 5 nəfəri isə 650-dən yuxarı bal toplamışlar
Dövlət Proqramına əsasən bu il əsaslı təmir olunan lisey binası sentyabr ayının 10-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.
«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Bunun bariz nümunəsidir ki, Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni uşaq bağçası, 2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 uşaq musiqi məktəbi, 1 uşaq texniki yaradıcılıq mərkəzi, 3 uşaq bağçası əsaslı təmir olunub. Bu il sentyabr aynının 10-da Prezident İlham Əliyev Nəsimi rayonundakı Texniki Humanitar liseydə aparılan təmir-yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirmişdir ki, bu il 1532 nəfər bitirib, onlardan 1378 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 957 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 200 nəfəri 500-dən yuxarı, 72 nəfəri 600-dən, 29 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlarından 166 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunublar. 2014-2015-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 5 məzun qızıl medala, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb.
Asif Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açımış, Fondun dəstəyi görülən işlər barədə məlumat vermişdir.
Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, müasir bal və milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.