Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir
Dekabrın 29-da Nəsimi rayon İcra Hakimiyətinin inzibati binasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə rəsmi və bədii hissədən ibarət tədbir keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyətinin başçısı Nəsib Məhəməliyev tədbiri açaraq başa vurmaqda olduğumuz 2012-ci ildə əldə olunan uğurlardan danışmışdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin təşəbbüs və səyləri nəticəsində ötən bir il ərzində ölkəmizdə görülmüş işlərin əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, 2012-ci ildə Azərbaycanın uğurlu daxili və xarici siyasəti nəticəsində respublikamızın regional və qlobal əhəmiyyəti artmış, ölkənin beynəlxalq imici yaxşılaşmış, milli iqtisadiyyatın rəqabət qabiliyyəti əvvəllər görünməmiş həddə çatmış, əhalinin sosial rifah halı yüksəlmişdir.
Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışan Nəsib Məhəməliyev ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini, 57-ci "Eurovision" mahnı müsabiqəsinin Bakıda keçirilməsini, tarixdə ilk Avropa Olimpiya Oyunlarının paytaxtımızda təşkil olunacağını təqdirəlayiq hal kimi qiymətləndirmişdir. O, həmçinin Nəsimi rayonunda aparılan abadlıq və quruculuq işlərindən danışmış, əhalinin rifah səviyyəsinin yaxşılşdırılması üçün lazımi tədbirlərin görüldüyünü vurğulamışdır.
Sonra o, tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar bayram münasibətilə təbrik etmiş, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranması tarixindən və onun əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, bu bayram xalqımızın həmrəyliyinin möhkəmlənməsində xüsusi rol oynayır.
Sonra tədbir iştirakçıları RİH-nin birinci mərtəbəsində təşkil olunmuş bədii hissədə və musiqili əyləncədə iştirak etmişlər.