Şriftin ölçüsü :

Saytın rəngi :

Tibb Universitetində Bilik Günü qeyd olundu

15 sentyabr 2015 | 15:00

Sentyabrın 15-də Azərbaycan Tibb Universitetində yeni tədris ilinə start verildi. Ənənəvi olaraq bu il də, ATU-da Bilik Gününə həsr olunmuş təntənəli mərasim təşkil olunmuşdu. Tədbirin açılışında ATU rektoru, akademik Əhliman Əmriaslanov çıxış edərək tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.
  Əhliman Əmiraslanov ölkəmizdə Bilik Gününün keçirilməsi ənənəsinin bünövrəsinin Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırlatdı: Bilik Gününün keçirilməsi ənənəsi elmi biliklərə, təhsilə, səhiyyəyə göstərilən dövlət qayğısı sayəsində ildən-ilə daha da möhkəmləndirilmişdir. Azərbaycanda elmi biliklərin, təhsil sisteminin, səhiyyənin ardıcıl inkişafı ümummilli liderimizin qlobal inkişafa doğru aparan uzaqgörən siyasətinin tərkib hissəsini, bu siyasətin əsas özəyini təşkil etdiyini və məqsədyönlü şəkildə aparılan dolğun islahatlar sayəsində bu inkişafın tezliklə öz bəhrəsini verdiyini və arzu olunan səviyyəyə çatdırıldığını bildirdi.
Akademik Əhliman Əmiraslanov bildirdi ki, ölkəmizin qədim tarixi ənənələrə malik ali tibb təhsili müəssisəsi olan Azərbaycan Tibb Universitetinə göstərilən dövlət qayğısı bu ali tibb təhsili ocağını dünyanın qabaqcıl ali təhsil müəssisələri sırasına çıxarıb.
Ə.Əmiraslanov 1998-ci il sentyabrın 28-də ATU-nun 11 mərtəbəli tədris binasının açılışını və bu mərasimdə Ümummilli liderin şəxsən iştirak etdiyini xatırlatdı. 2002-ci ildə isə Ulu öndər Heydər Əliyev ATU-nun ilk klinikası olan stomatoloji klinikanın yaradılmasının himayədarı oldu. Sonrakı illərdə ümummilli liderimizin sədaqətli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev dahi Heydər Əliyev ənənələrini davam etdirərək Azərbaycan Tibb Universitetində daha 3 möhtəşəm klinikanın – onkoloji, tədris-terapevtik və tədris-cərrhiyyə klinikalarının yaradılmasını şəxsən özü və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva təşkil etdilər”.
Çıxışının sonunda rektor Ə.Əmiraslanov bütün Azərbaycan xalqını həm “Bilik Günü”, həm də Azərbaycan Tibb Universitetinin yaradılmasının 85-illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdi.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Bilik Gününə həsr olunmuş tədbirdə iştirak etdiyindən məmnun olduğunu bildirdi. A.Əsgərov rayon İcra Hakimiyyəti Aparatı adından ATU-nun tələbəsi adını yeni qazanmış gəncləri təbrik etdi.
Asif Əsgərov Tibb Universitetinin nəinki respublikada, ümumiyyətlə regionda fəaliyyət göstərən universitetlər arasında təhsil və tədrisin keyfiyyəti, nüfuzu, tələbələr üçün yaratdığı şəraiti ilə seçildiyini söylədi və Tibb Universitetində tələbələrin yaradılmış şəraitdən faydalanacağını, bu məkanlarda gələcəkdə peşəkar səhiyyə işçilərinin yetişdiriləcəyindən əmin olduğunu qeyd etdi.
Səhiyyə Nazirinin müavini Elsevər Ağayev isə Azərbaycanda və dünyanın hər bir yerində təhsilin böyük önəm daşıdığını bildirdi. Nazir müavini Bilik Günü ilə yanaşı, ATU rəhbərliyini və kollektivi, həmçinin bütün tələbələri 85 illik yubiley münasibətilə təbrik etdi. O, ATU tələbələrini təbrik edərək onlara gələcəkdə daha da yüksək nailiyyətlər qazanmalarını arzuladı.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət Həsənova isə özü tələbəlik illəri ilə bağlı xatirələrini səsləndirdi  ATU kollektivini və yeni üzvlərini həm Bilik Günü, həm də 85 illik yubiley münasibətilə təbrik etdi.
Bu il qəbul imtahanlarında 700 bal toplayaraq ən yüksək nəticə ilə ATU-nun müalicə profilaktika fakültəsinin I kursuna qəbul olan tələbə, Nəsimi rayonunun məzunu, Prezident təqaüdçüsü  Nurlan Məcidov isə Tibb Universitetində təhsildən gözləntilərini səsləndirdi.
Toplantıda universitetin professor-müəllim heyəti, tələbələr, o cümlədən, bu il tələbə adını qazananlar, çoxsaylı valideynlər iştirak edirdilər. Tədbirin sonunda bu il ATU-nun I kursuna qəbul olan gənclərin bir qrupuna tələbə biletləri təqdim olundu.

Keçidlər