Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Nəsimi rayon təşkilatında məntəqələr üzrə təyin olunmuş müşahidəçilərlə görüş keçirildi

22 sentyabr 2015 | 15:00

Sentyabrın 21-də YAP Nəsimi rayon təşkilatının qərargahında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 21-ci saylı Nəsimi seçki dairəsində yerləşən məntəqələr üzrə təyin olunmuş müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərlə görüş keçirilmişdir.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirdi ki, Partiyanın böyük seçki təcrübəsi var. Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərinin qalibi YAP olub. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, həmçinin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq, xalqın bu siyasi təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Bütövlükdə, ölkəmizdə həyata keçirilən siyasət əhalinin rifah halının yüksəlməsi ilə müşayiət olunur. İnsanların güzəranı ilbəil daha da yaxşılaşır, əməkhaqları, pensiyalar, sosial müavinətlər artırılır. Yəni, ölkə Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət xalqa xidmət edir və bu siyasətin əsasında milli maraqlarımız dayanır. Ona görə də, düşünürəm ki, xalqımızın növbəti seçkilərdə də Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın namizədlərinə etimad göstərəcəyi şübhəsizdir.

Qeyd olunub ki, ölkəmizdə bütün seçkilər azad və şəffaf keçirilib. Amma müəyyən xarici qüvvələr ölkəmizin imicinə zərbə vurmaq üçün mühüm hadisələr ərəfəsində «fəallaşırlar». Bu «fəallığı» iyun ayında keçirilən birinci Avropa Oyunları zamanı da müşahidə edilir. Belə ki, həmin möhtəşəm tədbir ərəfəsində və keçirildiyi zaman antiazərbaycançı qüvvələr bütün imkanları Azərbaycanın əleyhinə yönəltmişdilər. Amma öz məqsədlərinə nail ola bilmədilər. Çünki Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi birinci Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etdi. Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə dünya idman tarixində bir ilkə imza atdı. Qarşıdan gələn parlament seçkiləri də azad, şəffaf və ədalətli keçiriləcək və bununla da Azərbaycan bütün dünyaya demokratik dövlət olduğunu bir daha nümayiş etdirəcək. Seçki amilindən sui-istifadə edərək ölkəmizə qarşı qərəzli kampaniyalar aparan qüvvələr bu dəfə də məqsədlərinə çatmayacaqlar.

Bu işdə də məntəqələr üzrə təyin olunmuş müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərin üzərinə böyük məsuliyyət düşür. Ayıq-sayıqlığımızı itirməməliyik. Səsvermə bitməyənə qədər məntəqələri tərk etməməliyik.

M.İbrahimqızı qeyd etdi ki, seçkilərlə əlaqədar keçirilən iclaslarda hər gün üçün müəyyənləşdirilən vəzifələr dəqiqləşdirilir, partiya fəallarına tapşırıqlar verilir. Bu günədək keçirilən bütün siyasi kampaniyalarda seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan Yeni Azərbaycan Partiyası ötən illərin sınanmış seçki texnologiyasından istifadə edərək qələbələrini davam etdirmək əzmindədir. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nəsimi rayon şöbəsi də hazırlıq işlərini demokratik şərtlərə uyğun aparır.

Keçidlər