Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən cəbhə bölgəsində Bayraq günü qeyd edildi

06 noyabr 2015 | 16:00

Dövlət Bayrağı günü ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar sənət adamları 05.11.2015-ci il tarixdə Daxili Qoşunların Bərdə rayonunda yerləşən hərbi hissəsində olmuş, əsgər və zabit heyəti ilə görüş keçirmiş, nümunəvi xidmət göstərən əsgərlərə mükafatlar  təqdim etmişlər.

06.11.2015-ci il tarixdə nümayəndə heyəti  rayonun hamilik etdiyi cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Tərtər rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişdir. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri hədiyyələri çatdırmışlar.      Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra  şəxsi heyət ilə keçirilən təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Dövlət Bayrağı günü münasibətilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. O bildirmişdir ki, Ginnesin rekordlar siyahısına düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı   möhtəşəm Dövlət Bayrağı Meydanı Azərbaycandadır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur. Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şəraitdə hərbi hissənin şəxsi heyətinə şərəfli xidmətlərində uğurlar arzulamış və ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad olunacağına, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirmişdir.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulamışdır. Hərbi hissə komandanlığı adından çıxış edən hərbi hissənin komandiri  şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Dövlət Bayrağı günü münasibəti ilə keçirilən tədbirin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yüksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılmışdır.  Sonra respublikamızın populyar müğənnilərinin - Sevil və Sevinc Səfərovaların, Abdul Xaliq Quliyevin iştirakı ilə   hərbiçilərimiz üçün böyük   konsert proqramı təşkil olunmuş, gözəl ifalar əsgərlər tərəfindən xüsusi rəğbət və sürəkli alqışlarla qarşılanmışdır.

Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.

 

 

Keçidlər