Nəsimi rayon məktəbliləri “Uşaq Hüquqları aylığı” çərçivəsində keçirilən tədbirlərdə fəallıqla iştirak edirlər.
Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsindən 26 il ötür. Bu mühüm sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər görülmüş, iqtisadi, sosial və hüquqi islahatlar aparılmışdır.
Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.
“Uşaq hüquqları aylığı” çərçivəsində Nəsimi rayonunda silsilə tədbirlər təşkil edilib keçirilir. Rayonun orta məktəblərində müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının effektiv təmininə və təbliğinə xidmət edir.
Nəsimi rayonu 1, 5, 8, 44, 111, 159 və 266 saylı tam orta məktəblərdə “Uşaqlar hüquq və vəzifələrini bilməlidir” mövzusunda dəyirmi masalar, inşa və rəsm müsabiqələri, “Sən öz hüquqlarını bilirsənmi?”, “Bizim hüquqlarımız” mövzularında disputlar keçirilmişdir.
Keçirilən tədbirlərdə şagirdlər özlərinin müstəqil düşüncələrini əhatə edən esse, referat və məqalələri ilə çıxış etmiş, gündəlik həyatlarında öz hüquqlarını tanıyıb və qorunması haqqında söhbətlər, müzakirələr aparılmışdır.