Nəsimi rayonunda Rəşid Behbudovun 100 illik yubileyinə həsr edilmiş tədbir keçirildi
Dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Məcid oğlu Behbudovun bu il anadan olmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən Rəşid Behbudovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı silsilə tədbirlər keçirilir.
Nəsimi rayonu 23 saylı tam orta məktəbdə Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinin şagirdləri “Görkəmli sənətkar Rəşid Behbudovun 100 illik yubileyinə” həsr olunmuş konsert proqramı ilə çıxış etmişlər.
Konsertdə məktəbin şagirdlərinin ifasında dünya və Azərbaycan musiqi əsərləri səslənmiş, Üzeyir Hacibəylinin “Arşın mal alan” operettasından səhnəcik göstərilmiş, Rəşid Behbudovun repertuarından sevilən mahnılar səslənmişdir.
Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixinin yetirdiyi böyük simalardan olan Rəşid Behbudovun təkrarolunmaz yaradıcılığı, çoxşaxəli fəaliyyəti barədə və Vətənə, xalqa son dərəcə bağlılığı haqqında danışmış, R.Behbudovun adını daşıyan musiqi məktəbinin istedadlı şagirdlərinə yaradıcılıq uğurları arzulamışdır.