Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu, Mir Cəlal küçəsindəki yenidən əsaslı təmir edilmiş parkda bayram tədbiri keçirilmişdir.

30 dekabr 2015 | 16:00

Nəsimi rayonu, Mir Cəlal küçəsindəki yenidən əsaslı təmir edilmiş parkda bayram tədbiri keçirilmişdir.


Son aylar Nəsimi rayonunda geniş miqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işlərinə başlanılmışdır.
Rayonunun Səməd Vurğun küçəsindəki, 20 yanvar küçəsində Xüsusi Dövlət Mühafizə Xidmətinin 9 mərtəbəli, Moskva prospekti 16 mərtəbəli yaşayış binalarının fasadları əsaslı təmir edilmişdir. Bütün görülmüş işlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmışdır.
Rayonun A.Məhərrəmov, Cavadxan və M.Kazımovski küçələrindəki yaşayış binalarının həyətlərindəki özbaşına hasarlar sökülmüş, ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.   
M.Kazımovski, 20 yanvar  küçələri və Moskva prospekti boyunca yolun kənarında yeni qazon örtüyü salınmış, yaşıllaşdırma işləri aparılmışdır, yeni yaşıllıq zolaqları salınmış, gül-çiçək kolları əkilmişdir.
Rayonun Mir Cəlal küçəsində 1964-1967-ci illərdə tikilmiş binaların qarşısında yerləşən yararsız halda 3 ha sahədən ibarət park son 2 ay ərzində əsaslı təmir olunmuşdur. Parkın ətrafında yerləşən 22 binanın fasadı təmir olunmuş, ətrafında abadlıq işləri aparılmışdır. Binaların 126 eyvanı əsaslı yenidən qurulmuş, 74 eyvan isə təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Binaların pəncərələri, giriş qapıları yenisi ilə əvəz olunmuş, yağış sularının axıtma sistemi (navalçalar, borular) yenisi ilə əvəz olunaraq, binanın yan fasad hissələri nəmişliyin qarşısının alınması məqsədilə yağış sularından qorunan İtaliya istehsalı olan betopan üzlükdən üzlənmişdir. Ümumilikdə 70.000 kv.m-dən çox fasad sahəsi rənglənmişdir.
Bu ərazidə 4 park yenidən əsaslı təmir olunmuşdur.
Mir Cəlal küçəsi boyunca parkların yararsız vəziyyətə düşmüş ərazisi tam təmizlənərək torpaq təbəqəsi yenilənmiş, yaşıllıq zonası salınmışdır. Belə ki, 17000 kv.m qazon, 2500 gül kolu əkilmişdir. Yaşıllıqların qorunub saxlanılması üçün suvarma sistemi çəkilmişdir. Parkın ərazisinə İtaliya istehsalı olan 2600 kv.m döşəmə daşı, 5000 kv.m metlax-kafel, 2200 kv.m aqlay döşənmişdir. Parkda fəvvarələr quraşdırılmış, yeni yaşıl örtüklü 33x16,5m ölçüdə stadion salınmışdır. Stadionda axşam oyunlarının da keçirilməsi üçün xüsusi işıqlandırma sistemi quraşdırılmışdır. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün Türkiyə istehsalı olan 9 seyrangah, 60 ədəd skamya oturacaqları quraşdırılmışdır. Hər iki parkda sakinlərin idmanla məşğul olmaları üçün Türkiyə istehsalı olan idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınmışdır. Uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün 600 kv.m uşaq meydançaları yumşaq materiallarla döşənmişdir. 10000 kv.m sahəyə asfalt döşənmişdir. Parkın ərazisi gecə işıqlandırması ilə təmin edilmişdir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün 2 ictimai iaşə obyekti tikilmişdir.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Mir Cəlal küçəsindəki Parkda quraşdırılmış Yeni il yolkasının ətrafında populyar incəsənət ustalarının və rayonun musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə konsert təşkil olunmuşdur.
Bayram tədbirində iştirak edən sakinlər yeni istifadəyə verilən parkda yaradılan şəraitə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər