Nəsimi rayonunda ordudan tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.
Yanvar ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin birgə təşkilatçılığı ilə Y.Mirzəyev adına 44 saylı tam orta məktəbin iclas zalında ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilmişdir.
Görüşdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının I müavini Yavər Allahverdiyev tərxis olunmuş gəncləri hərbi xidmətlərini şərəflə başa vurduqları münasibətilə təbrik edib, gənclərin bir şəxsiyyət kimi formalaşmasında Milli Ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışdı.
Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra güclü ordunun yaradılmasını dövlətin başlıca vəzifələrindən biri hesab edərək bu sahəni xüsusi nəzarətə götürmüş və qısa müddət ərzində çox böyük işlərin görülməsinə nail olmuşdur.
Bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirərək hərbi sahəni daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimiz silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Ən müasir hərbi texnika, silah-sursatla təchiz olunmuş Azərbaycan Milli Ordusu istənilən anda Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu son vaxtlar cəbhə bölgəsində keçirilən hərbi əməliyyatlar zamanı dəfələrlə sübut etmişdir.
Bu gün orduda maddi texniki təchizatla yanaşı döyüş ruhu və nizam-intizam olduqca yüksək səviyyədədir. Əsgərlərimiz işğal olunmuş torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə daim hazırdır.
Azərbaycan Dövləti hərbi xidmətini başa vurmuş gənclərə daim qayğı göstərir. Əmin olduğunu bildirdi ki, hərbi xidmətlərini ləyaqətlə başa vuran gənclər layiqli vətəndaşlar kimi Müstəqil Azərbaycanımızın daha da möhkəmləndirilməsi üçün səylə çalışacaqlar. Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsinin rəisi Kənan Məmmədov, 44 saylı tam orta məktəbin direktoru Samirə Əkbərova dövlətimizin ordudan tərxis olunmuş gənclərə diqqət və qayğısından söhbət açdılar. Tədbirin sonunda Nəsimi rayon Əmək və Əhalinin Məşğulluq Mərkəzinin əməkdaşları tərəfindən hərbi xidmətdən tərxis olunmuş gənclərə ixtisaslarına uyğun işlər təklif olundu. Göstərilən diqqət və qayğıya görə görüşdə iştirak edən hərbi xidmətdən tərxis olunmuş gənclər ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.