Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının iqtisadi məsələlər komissiyasının iclası keçirilib

13 fevral 2016 | 16:00

11 fevral 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyasının İqtisadi məsələlər komissiyasının iclası keçirilib. Komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov gündəlikdəki məsələlər haqqında məlumat verib. İlk olaraq komissiyanın 2016-cı il ərzindəki iş planı təsdiq olunub.

E.İbrahimov bildirib ki, dünyada baş verən maliyyə-iqtisadi böhran Azərbaycana təsirsiz ötüşməyib. Buna baxmayaraq, ölkəmizdə iqtisadi tənəzzül baş verməyib, müəyyən qədər artım əldə olunub. Komissiya sədri qeyd edib ki, bu artım inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrin uzun müddət əldə etmək istədikləri və nail olduqları orta artım sürəti həcmindədir. Onun sözlərinə görə, hazırda, sadəcə olaraq, neftin qiymətinin qısa müddət ərzində 4 dəfə aşağı düşməsi neft ölkəsi kimi bəzi layihələrin həyata keçirilməsində və daha geniş iqtisadi inkişafa nail olmağımızda gərginlik yaradıb.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin uzunmüddətli tərəqqisini stimullaşdıran sosial-iqtisadi siyasətinin uğurlarından bəhs edib, son 12 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb. Bu dövrdə 3,4 dəfə iqtisadi artım əldə edən Azərbaycanın qlobal iqtisadiyyatda mühüm rola malik nəhəng layihələrə müəlliflik etdiyini və beynəlxalq nüfuzunun xeyli yüksəldiyini bildirən nazir aparılan siyasətin sosialyönümlü olduğunu və hər bir vətəndaşın firavanlığına yönəldiyini vurğulayıb.

O bildirib ki, dünyada böhran proseslərinin kəskinləşdiyi, regionda hərbi-siyasi vəziyyətin gərgin xarakter aldığı, geosiyasi risklərin artdığı, ölkəmizə xaricdən mənfi iqtisadi təsirlərin gücləndiyi 2015-ci ildə belə Azərbaycanın inkişaf dinamikası qorunub saxlanıb. Belə bir şəraitdə ötən il respublikada 1,1 faiz iqtisadi artıma nail olunması, o cümlədən qeyri-neft sənayesində 8,4 faiz artımın əldə edilməsi, əhalinin gəlirlərinin 5,7 faiz çoxalması, Azərbaycan iqtisadiyyatına daha 20 milyard dollar sərmayə qoyulması mühüm uğur kimi dəyərləndirilə bilər.

S.Müslümov son vaxtlarda xarici mənfi iqtisadi təsirlərin güclənməsi, digər ölkələrdə milli valyutaların kəskin ucuzlaşması səbəbindən manatın devalvasiyaya məruz qaldığı şəraitdə də dövlət başçısının ilk növbədə əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsini hökumət qarşısında əsas vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması ilə bağlı dövlət büdcəsi gəlirlərinin azalmasına, bu səbəbdən bir sıra layihələr üzrə xərclərin azaldılmasına baxmayaraq, Prezident İlham Əliyev heç bir sosial proqramın qətiyyən təxirə salınmayacağını, bütün sosial proqramların davam etdiriləcəyini bəyan edib.

 

Keçidlər