Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Nəsimi rayonu 1 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.
H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildilmişdir.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov vurğuladı ki, son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırım kimi cinayətlər törətmişlər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus olan, o dövrdə Dağlıq Qarabağın Xankəndi şəhərində yerləşən 366-cı alayın şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə yeddi min nəfərə yaxın adamın yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum etdilər.
Həmin gecə Xocalı şəhəri yerlə-yeksan edildi. Əliyalın dinc mülki əhali kütləvi qətliama məruz qaldı. Uşaqlar, qadınlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildilər. Erməni millətçiləri XX əsrin sonunda növbəti dəfə tarixi cinayəti —Xocalı soyqırımını törətdilər.
Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edilmiş, 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.
Asif Əsgərov sözünə davam edərək vurğuladı ki, tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdir.
Bütövlükdə bəşəriyyətə qarşı törədilmiş bu tarixi cinayətin təşkilatçısı özünü bütün dünyaya “əzabkeş və məzlum xalq” kimi təqdim edən vəhşi erməni millətçiləridir.
XX əsrin ən dəhşətli faciəsi hesab olunan Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı da əlavə olunmuşdu. Bu aksiyadanın müəllifləri Ermənistan və onların xaricdəki havadarlarıdır.
Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.
Xocalı soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməmişdir. Şübhəsiz ki, güclü dövləti olan Azərbaycan tezliklə bu ədalətsizliyi dəf edib öz haqqına çatacaq, Xocalı şəhəri azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, köçkünlər ata-baba yurdlarına dönəcəkdir.