Nəsimi rayonunda Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.
25 fevral 2016-cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı döyüşlərində qəhrəmancasına həlak olmuş Aqil Quliyevin xatirəsi anılmış və şəhidin xatirə lövhəsi önünə gül dəstələri qoyulmuşdur.
Quliyev Aqil Sahib oğlu 1963-cü il sentyabr ayının 19-da Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulmuşdur.
1980-ci ildə məktəbi bitirmiş və Neft Akademiyasına daxil olmuşdur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis edildikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1985-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olmuşdur.
1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzə məruz qalmışdır. Aqil ailəsini Bakıya gətirmiş, burada müvəqqəti sığınacaq tapmışdır.
Sonra Milli ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etmişdir. O, 45 nəfər döyüşçü ilə Ağdama göndərilmiş, rota komandiri təyin olunmuşdur. Aqil Quliyev ilk hərbi əməliyyatını Xocalıda həyata keçirmişdir. 1992-ci il fevral ayının 18-də ermənilər Rusiyaya məxsus 366-cı moto-atıcı alayın köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alıb atəşə tutduğu vaxt Aqilin komandirlik etdiyi rota onlara qarşı rəşadətlə vuruşmuş, onlarla qulduru məhv edə bilmişdilər. Amma cəsur komandir burada hər iki ayağından yaralanmışdır.
25 fevral 1992-ci ildə döyüşçü dostları onu təhlükəsiz yerə aparmaq istəyərkən xain düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur.
Quliyev Aqil Sahib oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Bakının Bayıl qəsəbəsindəki küçələrdən birinə onun adı verilib. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.