Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbir
Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamran Nəbizadə ali məktəblərdə təhsil alan gənclərlə soyqırım ilə bağlı fikir mübadiləsi aparıb, onlarla hərbi vətənpərvərlik ruhunda söhbətlər edib.
Əvvəlcə tələbələrin ifasında ”Xocalı-bizim ağrımız” adlı ədəbi bədii kompozisiya təqdim edilib.
Çıxış edən Milli Məclisin deputatı Kamran Nəbizadə Xocalı soyqırımının tarixindən bəhs edib. K.Nəbizadə qeyd edib ki, hələ bu hadisələrdən bir həftə əvvəl, 1992-ci il fevralın 17-da erməni silahlı dəstələri azərbaycanlıların məskunlaşdığı Qarabağın Qaradağlı kəndində, dinc əhali üzərində zorakılıq və vəhşiliklər törətmışdilər: “Bu, bir növ ermənilərin terror məşqi idi. Erməni terrorizmi Xocalıda bir daha öz simasını göstərdi, vəhşiliyin miqyası, ağlasığmaz qəddarlığı çoxsaylı xarici jurnalistləri də dəhşətə gətirmişdi. Onlar erməni silahlı dəstələrinin Xocalıda törətdiyi hərəkətləri bəşəriyyətə qarşı tarixi cinayət kimi xarakterizə etmşdilər. Bu vəhşiliklər "Memorial" Hüquq Mərkəzinin və "Human Rights Watch" beynəlxalq təşkilatının fotosəbətlərində və hesabatlarında qeydə alınıb. Buna baxmayaraq, Xocalı hadisələrinə beynəlxalq hüquqi qiymət verilməyib və faciənin günahkarları indiyədək cəzasız qalıb”.
Natiq əlavə edib ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində bu günədək böyük işlər görülüb: “ Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın əvəzolunmaz zəhməti var. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya Ədalət" kampaniyası bu gün dünyaya səs salıb. Soyqırımın beynəlxalq miqyasda tanınması, hüquqi qiymət verilməsi üçün bütün azərbaycanlılar səfərbər olunub. İnanırıq ki, bir gün bizim haqq səsimizi dünya eşidəcək, ədalət bərqarar olacaq”.
Daha sonra tələbələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və bu prosesə cəlb olunmuş beynəlxalq vasitəçilik missiyasını yerinə yetirən qurumların fəaliyyətinin səmərəliyi ilə bağlı suallarını deputata ünvanlayıblar. Görüş diskussiya şəraitində başa çatıb.