Nəsimi məktəbliləri Naxçıvan Muxtar Respublikasına yola düşmüşlər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan məktəblilərin yola salınması mərasimi keçirilmişdir.
Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına 2014-cü ilin noyabr ayında Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 80 nəfər məktəbli şagirdin 2 mərhələdə Quba, Qusar və Xaçmaz rayonlarına “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.
Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır. İştirakçıların bir çoxu ölkəmizin bu bölgəsində ilk dəfə idi ki, olmuş və onlar evlərinə çox böyük təəssüratlarla qayıtmışlar. Tur müddətində təşkilatçılar tərəfindən yeniyetmələr üçün hər cür şarait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 17-20 mart 2016-cı il və 24-27 mart 2016-cı il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiyalar keçiriləcəkdir. Bu dəfə Nəsimi rayonundan 28 nəfər məktəbli Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər.
İlk əvvəl qrupların təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilərək 2 qrupa ayrılıblar. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən hər bir qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçıların qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar. Təsdiq olunmuş proqrama əsasən Nəsimi rayon yeniyetmələri Naxçıvan şəhərinin görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri yaxından tanış olacaqlar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınmışdır.
Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.
Yola salma mərasimində çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov şagirdlərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyətinin yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən birində hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələrinin təşkil olunması nəzərdə tutulur.
Yola salınma mərasimində çıxış edən valideyinlər və məktəblilər ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.
Sonra məktəblilər Nəsimi rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.