Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərə baş çəkib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Zakir Həsənov bildirdi ki, cəbhənin təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla döyüşən və yaralanan hərbçilərin bir hissəsi müalicə olunmaq üçün bu hərbi hospitala gətirilib. Hazırda onların müalicəsi istiqamətində zəruri tədbirlər görülür. Hospitalın tibb heyəti onların tezliklə sağlamlıqlarına qovuşmaları üçün gecə-gündüz əllərindən gələni edirlər.
Dövlətimizin başçısı cəbhənin təmas xəttində gedən döyüşlərdə yaralanan hərbçilərlə görüşdü.