Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda kitab bayramı

23 aprel 2016 | 16:00

Kimisi kitab oxudu, kimisi sevdiyi yazıçı ilə yaxından söhbət etmək imkanı qazandı, kimisi əsərlərinə vurğun olduğu müəllifin imzasını aldı, onunla xatirə şəkli çəkdirdi, kimisi oxuduğu hansısa kitab haqqında danışdı, kimisi oxumaq üçün yeni kitab axtarışında oldu… Bu gün Bakının Nəsimi rayonunda yerləşən Zorge parkında xüsusi izdiham var idi. Bu izdihamın əsas səbəbi isə mütaliə idi. Yeniyetmə və gənclərin oxu vərdişlərini inkişaf etdirmək, mütaliəyə marağı artırmaq, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmağı hədəfə alan "Oxu günü 2” layihəsində yazarlar, tanınmış insanlar, ziyalılar və gənclərdən ibarət yüzlərlə insan iştirak etdi. Bəli, parkda ilk dəfə yüzlərlə insan birarada mütaliə etdi, bir-birinə hədiyyə olaraq kitab bağışladı. Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və "Hədəf” nəşrlərinin təşkilatçılığı ilə keçirilən  "Oxu günü 2” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, "Medika Hospital”, "Qlobal Karyera” İnstitutu, "ASAN Könüllüləri” və "Hədəf” kursları təşkilati dəstək verib. Layihənin informasiya dəstəkçiləri isə Mədəniyyət kanalı, ASAN radio, Trend xəbər agentliyi və Senet.az ədəbiyyat dərgisidir. "Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil edilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edib. Azərbaycan Respublikasının dövlət himinin səsləndirilməsi ilə tədbir açıq elan edilib. Himn Cəmşid Naxçıvanski adına Hərbi Liseyin orkestrinin müşayəti ilə səsləndirilib. Daha sonra festivalın ideya müəllifi və layihə rəhbəri Şəmil Sadiq çıxış edərək tədbirin məqsədləri barədə danışıb, tədbirin keçirilməsində dəstək olan hər kəsə öz təşəkkürlərini bildirib. Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Təhsil Nazirinin müavini Firudin Qurbanov da tədbir iştirakçılarını salamlayıb, bu cür tədbirlərin keçirilməsinin uşaqların, gənclərin biliklərini artırmasındakı əhəmiyyətini qeyd edib, hər kəsi kitab oxumağa səsləyiblər. Tədbirdə həmçinin xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbas, digər yazıçılardan İlqar Fəhmi, Müşfiq XAN, şairə Zərəngiz Dəmirçi Qayalı, Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlu öz oxucuları ilə həmsöhbət olublar. Layihənin dəstəkçilərindən olan "ASAN-radio" və "ASAN könüllüləri"nin iştirakı ilə maraqlı flaşmob təşkil edilib: hər kəs bir dəqiqə müddətində yüksək səslə kitab oxuyub. Tədbirin ən əhəmiyyətli və maraqlı aksiyalarından biri də "Əsgərə kitab” olub. Aksiyada məqsəd əsgərlərimizin də "Oxu günü” layihəsinin iştirakçısı olduqlarını bildirmək və onların da mütaliəyə cəlb olunmasını təmin etməkdir. Bu məqsədlə ayrılan stendə çox sayda kitablar hədiyyə edilib və onların üzərində isə əsgərlərimizə ünvanlanan ürək sözləri qeyd olunub. Toplanan kitablar Müdafiə Nazirliyinin dəstəyi ilə müxtəlif hərbi hissələrin kitabxanlarına göndəriləcək. Bir-birinə hədiyyə edilən, əsgərlərə göndərilən kitablar, müxtəlif nəşriyyatlar, təhsillə bağlı müxtəlif layihələrin təqdimatlarının keçirilməsi isə tədbirin məqsədinin genişliyindən xəbər verir. Tədbir bədii hissə ilə davam edib. Müğənni Şəmistan Əlizamanlının ifasında gözəl mahnılar səsləndirilib, yeni fəaliyyətə başlamış "M-teatr”ın səhnəciyi nümayiş edilib, Nəsimi rayonundakı məktəblərin, mədəniyyət mərkəzlərinin, uşaq evlərinin yeniyetmə sənətçiləri konsert proqramı ilə çıxış ediblər.

 

 

 



 

Keçidlər