BSU-da akademik Zərifə Əliyevaya həsr olunmuş anım mərasimi olub
Bakı Slavyan Universitetində (BSU) Azərbaycanın görkəmli oftalmoloq, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Mərasimin əvvəlində Ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın ömür yoluna həsr edilmiş film nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev Zərifə Əliyevanın elmi nailiyyətləri, onun peşəkar həkim, fəal ictimai xadim olması barədə danışıb. Rektor bildirib ki, Zərifə Əliyeva eyni zamanda həmvətənlərinin qayğısına qalan humanist insan idi. Onun həyat ideyaları və şəxsiyyəti bu gün müasir Azərbaycan gəncliyi üçün bir örnəkdir. Azərbaycan xalqına xas müsbət keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmlənib. Asif Hacıyev insanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım Əliyevanın tibb elminin ən uca pillələrinə yüksəldiyini, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.
Şair, oftalmoloq, professor Paşa Qəlbinur və Yeni Azərbaycan Partiyasının Qadınlar şurasının idarə heyətinin üzvü Zərifə Quliyeva çıxışlarında Zərifə Əliyevanın oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətlərindən danışıblar. Çıxışçılar bildiriblər ki, Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim şəfa, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
Tədbir çərçivəsində Azəraycan Milli Konservatoriyasının müəllim və tələbələri bədii kompozisiya təqdim ediblər. Tələbələrin ifasında Zərifə Əliyevaya həsr olunmuş şeir və mahnılar səsləndirilmişdir.