Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heyder Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə “Müasir Azərbaycan Dövlətinin Qurucusu” adlı tədbir keçirilmişdir.

02 may 2016 | 16:00

Mayın 2-də Nizami kino mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı YAP Gənclər Birliyi ilə birlikdə ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbir keçirmişdir tədbirdə YAP Gənclər Birliyinin Ulu Öndərin anadan olmasının 93-cü ildönümü ilə bağlı hazırladığı “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı film nümayiş etdirilib.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edərək Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərin artıq ümumxalq bayramına çevrildiyini söyləyib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.

“Tarixi şəxsiyyət o zaman dahi öndər, lider olur ki, o, özünün atdığı imza ilə xalqının adından imza atmış olsun”, - deyən M.İbrahimqızı bildirib ki, Heydər Əliyev təkcə müstəqilliyin əldə olunmasını əsas şərt hesab etmirdi. O, müstəqilliyin əbədiliyinə zəmanət olacaq addımlar haqqında fikirləşirdi. Ulu Öndərin atdığı ilk imza Azərbaycanın üçrəngli bayrağının dövlət bayrağı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilməsidir. Heydər Əliyev Azərbaycanın dünya birliyində tanıdılması, müstəqil dövlətlər arasında olmasını şərtləndirən atributların hüquqi status alması üçün çalışırdı. Bölgənin sabitliyini, inkişafını, təhlükəsizliyini düşünərək o, 1994-cü ildə atəşkəs sazişinə imza atdı, sonra “Əsrin Müqaviləsi”ni imzaladı. Bu cür misalları çox çəkmək olar.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Xoşbəxt xalq o xalq deyil ki, onun qarşısına problemlər çıxmır, həyatını rahat yaşayır. Əsl xoşbəxt xalq odur ki, onu çətinliklərdən çıxara bilən, ona inam verən, öz gücünə inandıran bir lideri var. Xalqın üzləşdiyi çətinliklər onun potensialını, gücünü, imkanlarını üzə çıxarmağa imkan verir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bir fərd, bir şəxsiyyət, bir milli lider kimi özü-özünü sınaqdan çıxarmaqla yanaşı, özü ilə birgə Azərbaycan xalqını da sınaqlardan çıxarıb, çətinliklərdən qurtarıb, beləliklə də xalqda öz gücünə inam aşılayıb. İnsanın, xalqın özünə inamı yalnız nailiyyətlər əldə edilməsinə gətirib çıxara bilər, məhz Azərbaycan dövləti, Azərbaycan xalqı, bu xalqın yetirdiyi dahi, müdrik, bizim hər birimizin qəlbində ülvi məhəbbət bəslədiyi Heydər Əliyev şəxsiyyəti kimi. Ulu Öndərin həyatı hər bir azərbaycanlı, xüsusilə gənclər üçün örnəkdir. Bu gün gənclərin Heydər Əliyev irsinə sadiqliyini, ona olan sevgisini görəndə əminliklə söyləyə bilərik ki, Azərbaycan hər zaman Heydər Əliyev yolu ilə irəliləyəcək. Azərbaycan hər zaman Heydər Əliyev yoluna sadiq qalacaq. Bu yolun önündə yenə Azərbaycan gəncliyi olacaq. Gənclər Heydər Əliyevin imzasını qoyduğu Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması vəzifəsini ləyaqətlə yerinə yetirəcək. Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu şah əsərin qorunması, inkişaf etdirilməsi vəzifəsini Prezident İlham Əliyev çox böyük ləyaqətlə və bacarıqla yerinə yetirir.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Bu gün biz Ulu Öndərin vaxtilə həyata keçirdiyi böyük işlərin bəhrəsini görürük. Ümummilli Lider Azərbaycanın dünya dövlətləri içərisində mühüm yer tutması və nüfuzunun artması, o cümlədən iqtisadiyyatımızın inkişafı naminə əvəzsiz xidmətlər göstərib. Bu gün inkişaf edən Azərbaycan dünya dövlətləri arasında öz nüfuzu ilə seçilən bir ölkədir. Ulu Öndərin bütün sahələrdə siyasətini davam etdirən Prezident İlham Əliyev onun ideyalarını sədaqətlə həyata keçirir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı qeyd edib ki, 1970-ci illərin əvvəllərində Ulu Öndərin sayəsində Azərbaycanda aqrar sənayenin inkişafı istiqamətində böyük işlər görüldü. Bu istiqamətdə həyata keçirilən işlərin ən vacibi milli kadrların hazırlanması ilə bağlı atılmış addımlar oldu. Görülən işlərin fövqündə duran birinci məsələ Azərbaycan gəncini düzgün istiqamətdə tərbiyə etmək, gələcəyə hesablanmış mütəxəssis kimi hazırlamaq idi. Bütün bunlar Heydər Əliyevin uzaqgörənliyi sayəsində baş verdi. Əgər ölkədə mütəxəssis olmasa, heç bir inkişafdan söhbət gedə bilməz.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, ulu öndər Heydər Əliyev həmişə gənclərə böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, ulu öndər Heydər Əliyevin gənclərlə bağlı siyasətini də uğurla davam etdirir.

Keçidlər