Şriftin ölçüsü :

Saytın rəngi :

ATU-da Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.

06 may 2016 | 16:00

06 may 2016-cı il tarixdə Azərbaycan Tibb Universitetində (ATU) Ümumilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ATU-nun 5 saylı tədris binasındakı Ulu öndərin büstü önünə əklil və gül dəstələri qoyub, onun nurlu xatirəsini dərin ehtiramla yad etdilər.
             ATU-nun Tədris Terapevtik Klinikasında keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən danışdı. O, ümummilli liderin həyat yoluna nəzər salaraq, rəhbər dövlət vəzifələrində çalışdığı müddətdə gördüyü işlər və həyata keçirdiyi layihələr haqqında məlumat verdi.
G. Gəraybəylinin sözlərinə görə, Heydər Əliyevin diqqət və qayğı göstərdiyi sahələrdən biri də səhiyyə olub: “Ulu öndər səhiyyə sahəsinin inkişafı istiqamətində çox işlər görüb. Tibb müəssisələri əsaslı təmir edilib, yeni səhiyyə ocaqları tikilib, onlar müasir tibb avadanlıqları və aparatlarla təmin edilib”.
            Rektor bildirdi ki, Azərbaycan digər ölkələrlə müqayisədə böyük ölkə deyil: "Fikrimcə, bu böyük bir xoşbəxtlikdir ki, tanrı elə də böyük olmayan bir ölkəyə Heydər Əliyev kimi şəxsiyyət bağışlayıb. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin ən ağır məqamlarında xilaskar şəklində hakimiyyətə gəlib, bizim ölkəmizi parçalanmaqdan, dünya xaritəsindən silinmək risqindən qoruyub". G. Gərayzadə qeyd etdi ki, vaxt var idi bir çox xarici dövlətlər Azərbaycanı tanınmırdı: "Təxminən 30 il bundan əvvəl mən xarici ölkəyə gedəndə, pasportuma baxırdılar, amma ölkəmi tanımırdılar. İndi isə Azərbaycan tanınır, özünə görə nüfuzu var və buna görə də biz Ulu öndər Heydər Əliyevə borcluyuq".
Növbəti çıxışçılar qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyev hələ XX əsrin 70-80-ci illərində - ilk dəfə respublikaya rəhbərlik etdiyi dövrdə Tibb İnstitutunun bütün problemlərinə qayğı ilə yanaşıb.
Tibb İnstitutu üçün zəngin maddi-texniki baza yaradılıb, tədris korpusu, tələbə yataqxanası, xəstəxana və poliklinikalar tikilib istifadəyə verilib, elmi-tədqiqat laboratoriyaları müasir cihazlar və avadanlıqla təchiz edilib. Bu isə elmi axtarışların əhəmiyyətini artırmağa, tibb sahəsində kifayət qədər kadr potensialı yaratmağa imkan verib.
            Daha sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, ilk öncə professor Gəray Gəraybəylini ATU-nun rektoru vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi.
Sözünə Heydər Əliyevin Azərbaycan milləti üçün etdiyi işləri xatırlatmaqla davam edən A. Əsgərov bildirdi ki, xalqlımız Ulu öndərin bu fədakarlığını heç vaxt unutmur, daim xatırlayır, Azərbaycanı bu günkü günə gətirib çıxardığına görə onu təşəkkürlə anırlar: "Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün bir tapıntıdır. Çünki Heydər Əliyev ölkəsi üçün işlədiyi hər an yalnız millətinin gələcəyini düşünərək, demək olar ki, öz canını fəda etdi. İkinci dəfə Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman xalqı üçün etdiklərini xatırladıqda da görürük ki, o, hakimiyyətə gəlməsəydi Azərbaycanın xanlıqlara bölünməsi, dünya xəritəsindən silinməsi təhlükəsi yarana bilərdi".
Daha sonra akademik Böyükkişi Ağayev, ATU-nun ictimai fənlər kafedrasının müdiri Qoşqar Əliyev, ATU-nun Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiri Məhbubə Vəliyeva, Müalicə-Profilaktika fakültəsinin 4-cü kurs tələbəsi Nailə Şirəliyeva çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açdılar.

 

 

Keçidlər