Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda "Məktəblilərin Sağlamlıq Forumu" keçirilib.

13 may 2016 | 16:00

13 may 2016-cı il tarixdə Nəsimi rayonu  240 saylı tam orta məktəbində  Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məktəblilərin Sağlamlıq Forumları” adlı layihənin açılış mərasimi keçirilmişdir.

Forumun keçirilməsində əsas məqsəd məktəblilərin sağlamlığının qorunmasına, fiziki tərbiyəsinin artılmasına, habelə onların zərərli vərdişlərdən uzaqlaşdırılmasına və sağlam həyat tərzi keçirmələrinə kömək etməkdir.

Forumu  giriş sözü ilə açan 240 saylı tam orta məktəbin  direktoru Esmira Məmmədova bildirmişdir ki, ölkəmizdə digər vacib sahələrdə olduğu kimi əhalinin sağlamlığının qorunması istiqamətində də həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları birgə səy göstərirlər. Onlar tərəfindən hər il yüzlərlə maarifləndirmə kampaniyaları, aksiyalar və digər tədbirlər həyata keçirilir. O, məktəblilərin sağlamlığının qorunması istiqamətində dövlətin gördüyü işləri xüsusi qeyd edərək, gənclər təşkilatlarının da bu işdə öz töhfələrini əsirgəmədiyini və ciddi səylər göstərdiyini vurğuladı. Bildirildi ki, sözügedən forumlarla yanaşı, məktəblilər üçün pulsuz tibbi müayinələr, məsləhət saatları, habelə məktəblilər arasında sağlamlıqla bağlı yazı müsabiqələri, sərgilər, maarifləndirici kampaniyalar və s. təşkil olunacaq.

Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə çıxış edərək, həyata keçirilən Forumun ictimai əhəmiyyətini qeyd etmiş, məktəblilərin fiziki, mənəvi, intellektual inkişafı istiqamətində qeyri-hökumət təşkilatlarının təşəbbüslərini yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xalid Kərimovda gənc nəslin sağlam inkişafı istiqamətində dövlət və qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri təşəbbüsləri yüksək qiymətləndirərək, birgə əməkdaşlığın vacibliyini bildirmişdir. O, təşkil edilən Forumu nümunə göstərərək, gələcəkdə də belə layihələrin dəstəklənməsinin vacibliyini vurğulamışdır.

Forumun rəsmi açılışı bitdikdən sonra, ekspertlərin məruzələri, məktəblilərin çıxışları dinlənilib. Tədbir interaktiv yollarla keçirilmiş, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.

Forum çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi məktəblilərə zəruri olan maarifləndirici materiallar paylanmışdır.

 

 

 

Keçidlər