Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Universitetində “Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə” mövzusunda beynəlxalq konfrans keçirilib

16 aprel 2016 | 16:00

Azərbaycan Universiteti (AU), AMEA-nın A. A. Bakıxanov adına Tarix İntitutu, Tür-kiyənin Anadolu Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai birliyi və “Səs” Media Qrupu ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş “Türk-müsəlman əhalisinə qarşı soyqırımlar tarixi mənbələrdə” mövzusunda III beynəlxalq elmi konfrans keçirib. Tədbirdə AU-nun rektoru Fərid Əhmədov, Türkiyənin Anadolu Universitetinin Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov, Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini Gülarə Verdiyeva, millət vəkili Aydın Mirzəzadə, GEAD İB-nin sədri Məmmədəli Babaşlı, Səs İnformasiya Agentliyinin (SİA) icraçı direktoru Vəli Vəliyev, universitet tələbələri və KİV nümayəndələri iştirak ediblər.

İlk olaraq qonaqlar universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qonaqları salamlayan AU-nun rektoru Fərid Əhmədov giriş nitqi ilə çıxış edərək qeyd edib ki, soyqırımı cinayət olduğundan cinayətin məhkəmədə sübuta yetirilməsi çox vacibdir: “Soyqırımı məhkəmədə sübuta yetirilmədikdə isə şübhəsiz ki, onu soyqırımı kimi adlandırmaq bir qədər çətindir. Bunu nəzərə alaraq ötən əsrin əvvəllərində baş vermiş qətliamlarin praktiki nöqteyi-nəzərindən soyqırım kimi tövsif olunması çox çətindir. Çünki insanlar artıq dünyasını dəyişib və həmin zamanda olan şahidlər artıq yoxdur. Bəzi faktları araşdırıb üzə çıxarmaq bir qədər çətinliklər yarada bilər”.

Türkiyənin Anadolu Universitetinin Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov tədbirin təşkilinə görə təşkilatçılara minnətdarlığını bildirib. O, ermənilərin tarix boyu türklərə qarşı apardığı düşmənçilik və soyqırım  siyasətindən bəhs edərək qeyd edib ki, torpaqlarına təcavüz olunduqdan sonra da Azərbaycan Respublikası bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin BMT və ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nümayiş etdirir.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini Gülarə Verdiyeva konfrans iştirakçılarını salamlamış və konfransın əhəmiyyətindən danışmışdır.

Prezident yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev deyib ki, biz bəzən soyqırımının genosid kimi sübut edilməsində deqlizmə yol veririk: “Məsələn, qətliamla soyqırım arasında kəskin sərhəd qoyulur. Əslində hüquqi cəhətdən bunların arasında fərq olsa da, yəni qətliam hər hansı bir şəhərin, kəndin milli mənsubiyyətinə görə deyil, ancaq qalibiyyət xatirinə qırılmasını özündə ehtiva edirsə, genosid və soyqırımı terminləri konkret bir topluma milliyyətinə, dininə, etnik təmsilçiliyinə görə törədilmiş kütləvi qırğına aid edilir. Baxmayaraq ki, bizim Azərbaycan Respublikasının Cinayət Məcəlləsində soyqırımı anlayışı var”.

Millət vəkili Aydın Mirzəzadə vurğulayıb ki, soyqırımı dedikdə ancaq bir xalqın və yaxud da bir dövrdə olan soyqırımı nəzərdə tutulmur: “Tarixən bu böyük dünyaya qarşı törədilən soyqırımları öyrənməliyik və yaxud bununla bağlı bir sistem yaratmalıyıq. Hesab edirəm ki, siz bu konfransla artıq bunun əsasını qoymusunuz. Artıq bu sistemləşdirilməli və konkret bir tarixi dövr götürülməlidir. Burada ümumi cəhətləri axtarmağı bacarmalıyıq. Əlbəttə ki, bu istiqamətdə Azərbaycan elmi öz sözünü deyir”.

GEAD İB-nin sədri Məmmədəli Babaşlı təmsil olunduğu qurumun soyqırımla bağlı gördüyü işlərdən danışıb: "Dövlətimizin bu sahədə gördüyü işlər təqdirəlayiqdir. Biz də ictimai birlik olaraq bu sahədə üzərimizə düşən işi layiqincə yerinə yetirməyə çalışırıq".

Konfrans Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının professoru Qabil Əliyev, Anadolu Universitetinin müəllimi Mehmet Topal, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisi Vaqif Abışov, Azərbaycan Universitetinin “İctimai elmlər” kafedrasının professoru Anar İsgəndəovun mövzu ətrafında müzakirələri ilə davam edib.

 

Keçidlər