Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş açıq havada sərgi və konsert keçirildi

01 iyun 2016 | 16:00

İyunun 1-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə paytaxtda açıq havada Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş bayram tədbiri keçirildi. Nizami Kino Mərkəzinin arxasında, böyük bəstəkar Qara Qarayevin heykəlinin önündə təşkil olunan sərgi və konsert rəngli görüntülərlə yadda qaldı.

Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, mədəniyyət nümayəndələri, şəhər sakinləri qatılmışdılar.

İştirakçılar əvvəlcə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin rəsm əsərlərinə baxdılar.

Bayram tədbiri daha sonra paytaxtın uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin konsert proqramı ilə davam etdi.

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, Qara Qarayevin "İldırımlı yollar" baletindən "Ehtiraslı qızların rəqsi", Tofiq Quliyevin "Zibeydə", Səid Rüstəmovun "Alagöz", Müslüm Maqomayevin "Azərbaycan" və digər mahnılar ifa olundu. Həmçinin uşaqların təqdimatında milli rəqslər təqdim edildi. Mahnı və rəqslər çoxsaylı izləyicilər tərəfindən böyük maraqla qarşılandı və alqışlarla müşayiət olundu.

 

Keçidlər