Azərbaycan Universitetində multikulturalizm mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Bu gün Azərbaycan Universiteti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Anadolu Universiteti, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi və SƏS Media Qrupun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin anadan olmasının 93 və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş "Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir" mövzusunda IV beynəlxalq elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Universitetində keçirilən tədbirdə ali məktəbin rektoru Fərid Əhmədov, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, millət vəkili Aydın Mirzəzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Sadiq Mirzəyev, Millətlərarası mltikultiralizm, milli və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Universitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, qarşısına gül-çiçək düzüblər.
Beynəlxalq konfransda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə ilk çıxış edən universitetin rektoru Fərid Əhmədov konfransın əhəmiyyətindən danışıb. O bildirib ki, multikultural dəyərlər bütün dünyanı maraqlandıran mövzudur: "İstər dominant, istərsə də digər dövlətlərdə belə multikultural dəyərlərlə bağlı problemlər olur. Son zamanlar bu cür dəyərlərin Avropada pozulduğunu görürük. Lakin Azərbaycanda multikultural dəyərlərə yüksək qiymət verilir və Azərbaycan Prezidentinin bu sahə ilə bağlı həyata keçirdiyi siyasət yüksək qiymətləndirilir".
Azərbaycanda 2016-cı ilin "Muiltikulturalizm ili" elan edilməsi ilə bağlı fikirlərini bildirən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov söyləyib ki, bu cür tədbirlərin məhz bu il həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir: "Multikulturalizm haqqında saatlarla danışmaq olar. Ölkəmizdə bu dəyərlər yüksək qiymətləndirilir və hər zaman öndə olub. Azərbaycanda milli adət-ənənələrə hörmətlə yanaşılır və Prezident İlham Əliyev bu dəyərləri üstün tutur. Azərbaycada 70-dən artıq millət mehriban şəraitdə yaşayır. Onlar bizim ölkədə yaşadıqlarına görə, xoşbəxt və məmnundurlar. Azərbaycanın Ermənistandan başqa bütün qonşu dövlətlərə qarşılıqlı hörmətə söykənən dostluq əlaqələri mövcuddur. Çox təəssüf ki, bizim Ermənistan kimi qonşumuz da var".
Millət vəkili Aydın Mizəzadə keçirilən konfransın işini yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi Azərbaycanda mövcud olan multikultural dəyərlərin yayılmasında mühüm əhəmiyyət kəsb edir: "Multikultural dəyərlər digərlərinin həyatına, adət-ənənələrinə, dininə, irqinə hörmətlə yanaşmaq deməkdir. Azərbaycanda sadalanan dəyərlərə xüsusi önəm verilir. Ermənistandan başqa bütün dövlətlərdə mədəniyyətlər qovuşur. Biz multikultural dəyərləri gələcək nəsillərə, eləcə də dünyaya ötürməliyik".
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı isə deyib ki, Azərbaycan xalqı öz multikultural dəyərləri ilə fəxr etməyə layiqdir: "Avropada bu dəyərlərə həqarət edildiyi halda, Azərbaycan Prezidentinin 2016-ci ili məhz "Multikulturalizm ili" elan etməsi dünya üçün bir nümunədir. Ölkəmiz ərazi baxımından kiçik olsa da bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu heç də təsadüfü deyil".
Vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahəyə göstərilən diqqətdən söz açan M.İbrahimqızı əlavə edib ki, Azərbaycanın tolerantlıq modeli bütün dünyaya nümunədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Sadiq Mirzəyev söyləyib ki, İslam dini humanizm və tolerantlığı ilə seçilir. Ölkəmizdə birgə yaşayış dəyərlərinə önəm verildiyini deyən şöbə müdiri bildirib ki, buna sübut çoxlu sayda xalqların Azərbaycanda mehriban şəraitdə yaşamasıdır: "Bütün bunlar Ulu Öndər Heydər Əliyevin Azərbaycana bəxş etdiyi əsas töhfələrdəndir. Hansı ki, bu kurs hazırda Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir".
Millətlərarası mltikultiralizm, milli və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov çıxışında vurğulayıb ki, Multikulturalizm Mərkəzinin yaradılması, bu mövzudə bir sıra tədbirlərin keçirilməsi, eləcə də multikulturalizm fənninin tədris edilməsi Azərbaycanda bu sahəyə olan diqqətin bariz nümunəsidir: "Ölkəmiz bu dəyərlərə sadiqliyini təkcə dildə deyil, əməldə də göstərir".
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, ölkəmizin multikultural dəyərlərə verdiyi qiymət göz qabağındadır: "Dünyanın əsas problemleminə çevrilən bu dəyərlər dünya ictimaiyyətini narahat etməyə başlayıb. Avropada bu dəyərlər ayaq altına atılır. Lakin Azərbaycanda multikulturalizm ölkə siyasətinin ana xəttini təşkil edir. Multikulturalizm Azərbaycan xalqının yaşam tərzidir".
Konfransda çıxış edən SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev söyləyib ki, tədbirin məhz bu gün keçirilməsi heç də təsadüfü deyil. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının növbəti ildönümü ərəfəsində belə bir tədbirin keçirilməsi xüsusi önəm daşıyır: "1992-ci ildə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət edərək dahi siyasətçinin, müdrik dövlət xadiminin hakimiyyətə qayıtmasını istəyirdi. Çünki, o zaman ölkəmizi və xalqımızı düşdüyü bəlalardan yalnız Ulu Öndər qurtara bilərdi. Heydər Əliyev ölkəmizi ağır vəziyyətdən xilas etmək üçün 5 bənddən ibarət sənəd hazırladı. Həmin sənədin III bəndində bildirilirdi ki, dövlət quruculuğu prosesinə dilindən, dinindən və siyasi əqidəsindən asılı olmayaraq hər kəs qoşulmalıdır. Əlbəttə, bu sənədin Azərbaycanın müasir tarixində xüsusi önəmi var".
Azərbaycanda yaşayan bütün xalqlara qarşı xüsusi diqqət və qayğının olduğunu deyən B.Quliyev əlavə edib ki, dünya ölkələrinin Azərbaycanda mövcüd olan multikultural dəyərləri öyrənməyə ehtiyacı var.
Tədbirə digər çıxışlarla yekun vurulub.