Nəsimi rayonunda 2016-cı ilin birinci yarımili müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Nazirlər Kabinetinin iclasında dövlət başçısının çıxışı, icra orqanlarının qarşısında qoyduğu yeni vəzifələr barədə ətraflı məlumat verdi. Rayon rəhbəri bildirdi ki, ilin əvvəlindən Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər informasiya və rabitə, tikinti, ticarət və xidmət sahələri üzrə daha dinamik olmuşdur.
Hesabat dövründə rayon üzrə 247000 min manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri 51200 min manatlıq, rabitə müəssisələri isə 29000 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çox xidmət göstərmişdir. Rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 405980 min manatlıq investisiya yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 12 faiz çoxdur. Pərakəndə ticarət şəbəkəsində əhaliyə 337620 min manat məbləğində və ya 0,4 faiz çox istehlak məhsulları satılmışdır. Rayonda 6 ayda 1002 doğum və 562 ölüm, 536 nikah və 236 boşanma qeydə alınmışdır.
Daha sonra bildirildi ki, Prezident cənab İlham Əliyevin son dövrdə yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti ilin birinci yarısında məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ölkəmizin hər bir şəhər və rayonunda olduğu kimi, paytaxtın mərkəzi rayonlarından olan Nəsimidə də geniş abadlıqquruculuq işləri, çoxsaylı tikintitəmir işləri aparılmış, yaşıllıqlar salınmış, park və bağlar yenidən qurulmuşdur. Bir sıra binaların fasadları yenidən qurulmuş, məhəllələr və həyətlər abadlaşdırılmışdır.
Asif Məhərrəmov küçəsində yaşayış binalarının qarşısında yerləşən parkda əsaslı təmir işləri aparılmışdır. Parkın ərazisinə İtaliya istehsalı olan 3000 kvadratmetr tamet, 3000 kvadratmetr asfalt örtük döşənmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, idmanla məşğul olmaları üçün idman qurğuları, azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqlarından ibarət meydançalar salınmışdır. Küçədəki 47 saylı binanın fasadı təmir olunmuş, giriş qapıları dəyişdirilmiş və pilləkən qəfəslərinin pəncərələri yeniləri ilə əvəz olunmuşdur. Moskva prospekti 92 saylı binanın fasadı da təmir olunmuşdur.
Hesabatda göstərildi ki, Nəsimi Rayon İcra Hakimiyyətinin 6 aylıq fəaliyyətində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlığının artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrası məsələləri də aparıcı yer tutmuşdur. RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərləri üzərinə düşən vəzifələrə böyük məsuliyyətlə yanaşmış, bütün sahələrdə uğurlar qazanılmasını təmin etmişlər. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq, keçən dövr ərzində Nəsimi Rayon İcra Hakimiyyəti sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə əlaqədar müvafiq işlər görmüşdür. Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması üçün hazırda hazırlıq işləri aparılır.
İlin birinci rübü ərzində görülmüş işlərin davamı olaraq rayon icra hakimiyyəti ikinci rübdə də bir sıra tədbirlər və toplantılar keçirmişdir. Multikulturalizm ili ilə bağlı keçən dövrdə Nəsimi rayonunda da silsilə tədbirlər təşkil olunmuşdur. Aprel ayında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə,“may ayının 5-də isə ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş təntənəli ümumrayon anım mərasimləri keçirilmişdir. İlin birinci yarısını səciyyələndirən tədbirlər sırasında ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi və yaşadılması da yer almışdır.
Nəsimi rayonunda yerləşən Zorge parkında Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və “Hədəf” nəşrlərinin təşkilatçılığı ilə kitab bayramı keçirilmişdir. Keçirilən “Oxu günü 2” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, “Medika Hospital”, “Qlobal Karyera” İnstitutu, “ASAN Könüllüləri” və “Hədəf” kursları təşkilati dəstək verib. “Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil edilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak etmişdir.
Göstərildi ki, Nəsimi Rayon İcra Hakimiyyətinin fəaliyyətində vətənpərvərlik və xüsusilə hərbi vətənpərvərlik sahəsində tədbirlərə xüsusi önəm verilir. Cəbhə xəttindəki hərbi hissələrlə sıx əməkdaşlıq ənənəvi olaraq davam etdirilir. 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və incəsənət ustaları Müdafiə Nazirliyinin Goranboy rayonundakı “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlərin görüşünə getmişlər.
Qeyd edildi ki, rayon İcra hakimiyyəti başıçısı Aparatında, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir. İlin birinci yarısında RİH başçısı Aparatına vətəndaşlardan 1115 ərizə və müraciəti daxil olmuşdur. Rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.
Hesabat ətrafında çıxışlarda ayrı-ayrı sahələrdə qazanılmış uğurlar və qarşıda duran vəzifələr ətraflı müzakirə edildi. İclasda ilin ikinci yarısında həllini gözləyən önəmli məsələlər konkretləşdirildi.