Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəbliləri Qəbələ rayonundakı “Sərhədçi” yay istirahət düşərgəsində

14 iyul 2016 | 16:00

Dövlət Sərhəd Xidmətinin və  Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  Qəbələ rayonunda  “Laza” sərhəd zastavasının bazasında məktəblilərin  “Sərhədçi” yay düşərgəsi təşkil olunmuşdur.  

İyul ayının 13-də məktəblilər Ümummilli Lider Heydər Əliyevin Nəsimi rayonu ərazisindəki abidəsi önünə tər çiçək dəstələri düzdükdən sonra avtobuslarla Qəbələ rayonunun səfalı guşəsində yaradılmış yay düşərgəsinə yola düşmüşlər. Həmin gün “Laza” sərhəd zastavasında Dövlət Sərhəd Xidmətinin, Nəsimi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, müəllim və şagirdlərin iştirakı ilə “Sərhədçi” yay düşərgəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına, sağlam böyüməsinə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanmış, qeyd edilmişdir ki, sərhəd zastavasının bazasında yay düşərgəsinin təşkil olunmasının əsas məqsədi gələcək əsgərlərin sərhəd zastavasındakı xidmət və məişət  şəraiti, silah və texnika ilə yaxından tanış olmasından, onlarda  sərhədçi peşəsinə marağın daha da artırılmasına şərait yaradılmasından ibarətdir.

Açılış mərasimində bildirilmişdir ki, məktəblilərin mənalı isti­rahət etmələri üçün xüsusi tədbirlər planı hazırlanmışdır. Plana əsasən məktəblilər arasında mini futbol, şahmat, dama və stolüstü tennis yarışları, müxtəlif əyləncəli musiqili tədbirlər keçi­riləcək, Azərbaycan filmləri nümayiş etdiriləcək, Qəbələ rayo­nunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunacaqdır.

Açılış mərasiminin sonunda hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının və “Sərhədçi” vokal-instrumental ansamblının iştirakı ilə maraqlı konsert proqramı nümayiş olunmuşdur.

Keçidlər