Şriftin ölçüsü :

Saytın rəngi :

«15 sentyabr - Bilik günü» Nəsimi rayonunun orta məktəblərində qeyd olunmuşdur.

15 sentyabr 2016 | 16:00

Hər bir məktəblinin və müəllimin səbirsizliklə gözlədiyi 15 sentyabr  - «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə və bayram ruhiyyəsi ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün  rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.

Nəsimi rayonundakı  A.Rəhimov adına 247 saylı tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninn şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbiri açıq elan edən 247 saylı məktəbin direktoru  Raya  Allahverdiyeva məktəbin tarixi barədə məlumat verərək qeyd etmişdir ki,   məktəb binası 1969-cu ildə birtipli layihə əsasında tikilmiş, 4 mərtəbəli 1 korpusdan ibarət 750 yerlikdir.

Məktəb fəaliyyət göstərdiyi vaxtdan 2016-cı ilədək əsaslı təmir olunmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən 2016-cı ildə məktəb əsaslı təmir edilmişdir. 2016-cı ilin sentyabr ayının 7-də  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məktəbdə aparılan əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur. Burada müasir təhsil üçün hər cür şərait yaradılmışdır.

Məktəbdə 429 şagirdin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur.   32 sinif otağı mövcuddur. 180 nəfərlik akt zalı və idman zalı, digər otaqlar (kitabxana, bufet, tibb otağı, kompyuter otağı, məktəbə hazırlıq qrupu otağı və.s) var. Məktəbin nəzdində 3 dərnək (Riyaziyyat rəqəmlərin dili ilə,  Gənc riyaziyyatçılar,  Bacarıqlı əllər) fəaliyyət göstərir.

2015-2016-cı tədris ilində məktəbi 22 şagird bitirmiş, bunlardan 15 nəfəri ali məktəblərə qəbul olunmuşdur. 2 nəfər 600-dən yuxarı bal toplamışdır.2016-2017-ci tədris ilində məktəbin 1-ci siniflərində 75 şagird təhsil alacaq.

Raya Allahverdiyeva  təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə cənab Prezidentə öz dərin təşəkkürünü bildirmişdir.

Texniki Humanitar Liseydəki tədbirdə çıxış edən Liseyin direktoru Səidə Zeynalova bildirmişdir ki, liseyin binası 1963-cü ildə tikilib. Lisey əvvəllər axşam məktəbi kimi, 2000-ci ildən isə Texniki Humanitar Lisey kimi fəaliyyət göstərir. Liseydə təhsil V-XI siniflər arasındadır. Lisey 2008 və 2014-cü illərdə «Ən yaxşı ümumtəhsil müəssisəsi» adını qazanmışdır. Burada 1192 şagirdin təhsili ilə 105 müəllim məşğul olur. 

2015-2016-ci tədris ilinin yekunlarına görə 116 məzunun 112-sı ali məktəblərə qəbul olmuş, onlardan 28 nəfəri 500-dən yuxarı, onlardan 15 nəfəri 600-dən  yuxarı, 4 nəfəri isə 650-dən yuxarı bal toplamışlar.

Dövlət Proqramına əsasən əsaslı təmir olunan lisey binası 2015-ci ilin sentyabr ayının 10-da möhtərəm Prezident cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblərin kollektivlərini yeni dərs ilinin başlanması münasibəti ilə  təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.

Qeyd olunmuşdur ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Ümummilli Liderin təhsil sahəsindəki siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə  təhsilə olan diqqət və qayğı göz qabağındadır. Mütəmadi olaraq təhsil işçilərinin əmək haqlarının   artırılması, hər il xeyli təhsil işçisinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübütdür. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət almışdır. Ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən Nəsimi rayonundakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub.

Son vaxtlar Nəsimi rayonunda təhsil müəssisələrinin müasir tələblərə cavab verən təhsil ocaqları səviyyəsinə çatdırılması possesi uğurla həyata keçirilir. Məktəblərimizdə təhsilin səviyyəsi,burada şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuş və onların yaxşılandırılması istiqamətində mütəmadi olaraq işlər görülür. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ilbəil çoxalır.  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayon məktəblilərinin keçən tədris ilində qazandıqları uğurlardan danışaraq bidirmişdir ki, 2015-2016-cı tədris ilində rayonun orta məktəblərini 1669 nəfər bitirmiş,   onlardan 1500 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdir. Abituriyentlərin 1125 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 177 nəfəri 500-dən yuxarı, 77 nəfəri 600-dən, 25 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlarından 227 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2015-2016-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 1 məzun qızıl medala, 3 məzun isə Prezident təqaüdünə layiq görülüb.

Asif Əsgərov Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da ölkəmizdə təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən söz açımış, Fondun dəstəyi görülən işlər barədə məlumat vermişdir. Bildirmişdir ki,  Azərbaycanın birinci xanımı, Millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində respublikamızda yeni məktəblərin tikintisi və köhnələrinin əsaslı təmiri istiqamətində böyük işlər görülmüşdür.

Məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər,  məktəb həyatından bəhs edən  və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.

Ənənəvi «Bilik günü» tədbirləri rayonun digər məktəblərində də keçmiş, bu tədbirlərdə RİH-nin məsul nümayəndələri, ağsaqqallar, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Keçidlər