NƏSİMİ RAYONUNDA DAHA BİR “ABAD HƏYƏT ” İSTİFADƏYƏ VERİLDİ
Nəsimi rayonunda genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
Nəsimi rayon ərazisində 1-ci mikrorayon, Moskva prospekti 52-58-62-70-74-82-86, Cavadxan küçəsi 1 ünvanlarında, 2-ci mikrorayon Cavadxan küçəsi 58-60 ünvanlarında, 4-cü mikrorayon H.Seyidzadə küçəsi 16a-18a-20a ünvanlardakı binalarda əsaslı təmir işləri aparılır, binalarda eyvanlar təmir edilir, binaların qapı və pəncərələri yenilənir. Binaların dam örtükləri təmir edilir, yağış sularını axıdan su novalçaları və borular yeniləri ilə əvəz olunur. Blokların girişlərinə qapılar qoyulur və pəncərələri yenisi ilə əvəz olunur, pilləkən qəfəsləri tam təmir edilir. Təmir edilən binaların fasadları yüksək keyfiyyətli boya ilə rənglənir.
Əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılmış, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
Bu gün 4- cü mikrorayon H.Seyidzadə 16 a ünvanında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda 6 bloklu 5 mərtəbəli binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Girişlərin qarşısına dekorativ tamet döşənmişdir. Həyət və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir,yolların kənarlarına bardürlər düzülmüşdür.Binanın qarşısında yaşıl qazon döşənmiş və güllər əkilmişdir. Yaşıllıqlara qulluq göstərilməsi üçün suvarma xətti çəkilmişdir. Eyni zamanda həyətdə işıqlandırma işləri də həll olunmuş, yeni işıq dirəkləri quraşdırılmışdır.
Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır.Söhbətgahın döşəməsinə və ətrafına mozaika tipli tamet daşlar döşənmişdir. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi və idmanla məşğul olmaları üçün “Abad həyət”də mini futbol meydançası da salınmışdır.Həmçinin azyaşlı uşaqlar üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.
H. Seyidzadə 16 a ünvanının sakinləri öz binalarının həyətlərində yaradılan abadlığa görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.Görüşdə qeyd olunmuşdur ki, bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir,mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.
Hal-hazırda Nəsimi rayonunun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.